EN

Öldürüldüyü iddia edilən Möhsün-Ejei KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, "Al Hadath" telekanalı İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün-Ejeinin öldürüldüyünü iddia edib.

Musavat.com xəbər verir ki, telekanal Ejeinin Tehrana təşkil edilən hava hücumlarından biri zamanı həlak olduğunu bildirib.

İran siyasi elitasının ən nüfuzlu və "sərt" simalarından sayılan Qulamhüseyn Möhsün-Ejei 29 sentyabr 1956-cı ildə İsfahan vilayətinin Ejei bölgəsində anadan olub.

O, 1 iyul 2021-ci ildə İbrahim Rəisinin prezident seçilməsindən sonra boşalan Məhkəmə Hakimiyyətinin rəhbəri postuna təyin edilib.

Möhsüni-Ejei siyasi fəaliyyəti boyunca radikal mühafizəkar qanadın nümayəndəsi kimi tanınıb. O, Mahmud Əhmədinejadın prezidentliyi dövründə (2005-2009) Kəşfiyyat və Milli Təhlükəsizlik naziri vəzifəsini icra edib.

Lakin 2009-cu ildə Esfandiyar Rəhim Maşainin vitse-prezident təyin edilməsinə etiraz etdiyi üçün Əhmədinejad tərəfindən vəzifəsindən kənarlaşdırılıb.

Buna baxmayaraq, sistem daxilindəki nüfuzunu itirməyən Ejei, qısa müddət sonra ölkənin Baş prokuroru təyin edilib.

Qum şəhərindəki nüfuzlu "Haqani" məktəbinin məzunu olan Ejei, burada Ayətullah Mesbah-Yəzdidən dərs alıb. O, beynəlxalq hüquq üzrə magistr dərəcəsinə malik olmaqla yanaşı, Tehran Universitetində qərb fəlsəfəsi üzrə təhsil alıb.

Karyerası ərzində bir çox strateji postlarda çalışıb:

  • 1980-ci illər: Kəşfiyyat Nazirliyində xüsusi komitə rəhbəri və məhkəmə nümayəndəsi;

  • 1995–1997: Xüsusi Ruhani Məhkəməsinin prokuroru;

  • 2009–2014: İranın Baş prokuroru.

Möhsün-Ejei xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyi ilə seçilib və bu cinayətlərə görə ölüm hökmünün ən qətiyyətli müdafiəçilərindən biri kimi tanınıb.

İnsan haqları təşkilatları tərəfindən tənqid edilən sərt metodlarına baxmayaraq, o, İranın məhkəmə və kəşfiyyat sistemində mütləq söz sahibi olan fiqurlardan biri hesab olunurdu.

Musavat.com

Chosen
21
29
musavat.com

10Sources