EN

31 Mart xalqımızın qan yaddaşıdır

Erməni faşizminin başlatdığı soyqırımı siyasəti on minlərlə azərbaycanlının həyatına son qoyub

Azərbaycan xalqı iki əsr ərzində misli görünməmiş sınaqlardan, qanlı faciələrdən və amansız soyqırımlardan keçib. Erməni millətçilərinin "böyük imperiya" xülyası sadəcə siyasi iddia deyil, türk dünyasına qarşı yeridilən sistemli məhvetmə siyasətinin təməli olub. 

XIX əsrdən başlayan bu qanlı proses, XX əsrin əvvəllərində Bakıdan Şuşaya, İrəvandan Zəngəzura qədər geniş bir coğrafiyada on minlərlə soydaşımızın qətlə yetirilməsi ilə nəticələnib. Lakin erməni faşizminin qanlı əməlləri bununla da bitməyib, ötən əsrin 90-cı illərindən yenidən baş qaldırıb. 

20 Yanvar hadisələri, 1992-ci il fevralın 26-da bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri - Xocalı soyqırımı törədilib. 613 günahsız ömür, 8 tamamilə məhv edilmiş ailə, saysız yaralı... Bu, sadəcə bir şəhərin faciəsi deyil, bütün bəşəriyyətin vicdan yarası idi. Ağdabanda, Başlıbeldə, Qaradağlıda, Ballıqayada... törədilən vəhşiliklər isə bu zəncirin qanlı halqaları oldu.

Xalqımızın başına gətirilən bütün bu faciələr nifrətin və şovinizmin ən dəhşətli təzahürü kimi tarixə yazılıb. 

Tarix olduğu kimi 

XIX əsrin ikinci yarısından başlayaraq, Türkiyədə saysız insanı qətl edən erməni quldurları, Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə on minlərlə Azərbaycan türkünü soyqırımına məruz qoyublar. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirilərək ard-arda soyqırımı cinayətləri törədiblər. 

Xarici İşlər Nazirliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Bəyanatında məlumat verilir ki, 1918-ci ilin martında Bakı Sovetinin 6000 və "Daşnaksütyun" partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. 

Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar "əks-inqilabçılıqla mübarizə" pərdəsi altında məhz milli nifrət zəminində törədilib.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi ərazilərdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb. Xarici İşlər Nazirliyinin Bəyanatında deyilir: "Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub".

İlk siyasi-hüquqi qiymət 

Bu cinayətlərin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması dövlətimizin prioritet siyasətinə çevrilib. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi fərmanla 31 martın "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd edilməsi, bu qanlı hadisələrə ilk rəsmi siyasi qiymətin verilməsi oldu. 

Ulu Öndər 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur".

Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyətə malikdir. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılışı həyata keçirilib. "...Burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhvali-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir", - deyə kompleksin açılışında çıxışı zamanı cənab İlham Əliyev bildirib. 

Dövlət başçısı əlavə edib ki, burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir: "Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər". 

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. 

Əsrlərin intiqamını alan məğrur xalq

Azərbaycan xalqı heç zaman qan yaddaşını unutmadı, şəhid məzarlarında içdiyi qisas andını yadından çıxarmadı. 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə tarixi ədalət bərpa olundu. Xalqımızın qanına susayan canilərin bu gün Bakıda ədalət qarşısında layiqli cəzalarını almaları şəhid ruhlarının ən böyük təsəllisidir.

 Erməni faşizminin başlatdığı soyqırımı siyasəti on minlərlə azərbaycanlının taleyini məhv etsə də, xalqımızın azadlıq iradəsini qıra bilmədi və həmin cinayətlərin qisası döyüş meydanında layiqincə alındı.

Bəli, biz bu gün əsrlərin intiqamını alan, başıuca və məğrur xalq kimi yaşayırıq.

Qisasımız qiyamətə qalmadı!

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

1Sources