EN

Rusiyanın kəmfürsətliyi - Xəzərə tam nəzarət istəyir

Ən güclü hərbi donanmaya malik olan Rusiyanın hüquqazidd addımlar ataraq dənizə nəzarəti genişləndirmək imkanı var

İsrailin İranın Xəzər dənizindəki Bəndər Ənzəli limanına zərbə endirərək Rusiya ilə İran arasında dronların, sursatın və digər hərbi təchizatın daşınması üçün istifadə edilən əsas təchizat marşrutunu vurması iki mühüm məsələni gündəmə gətirdi. Qeyd edək ki, təsdiqlənmiş peyk görüntülərinə və videolara görə, limanda dəniz bazası, bir neçə gəmi və qayığı, komanda mərkəzi, təmir zavodu və liman infrastrukturuna ciddi zərər vurulub. Ənzəli limanı Xəzər dənizi vasitəsilə sabit əlaqələri nəzərdə tutan “Orta dəhliz” layihəsində mühüm yer tutur. Limana hücum  bu layihəni təhlükə altına qoyur. ABŞ-nin Qafqazdakı əsas planları bu dəhlizlə bağlıdır.  İranla müharibə səbəbindən  Xəzərdə nəqliyyat dəhlizləri dayandırılıb və bu fasilə uzun müddətli ola bilər.

İkinci diqqətçəkən məqam bu hadisə ilə bağlı Rusiya mediasının və  bu ölkənin Xarici İşlər Nazirliyinin  sözçüsü Mariya Zaxarovanın mövqeyidir.  “Təcavüzkarların məsuliyyətsiz hərəkətləri Xəzəryanı dövlətləri hərbi münaqişəyə cəlb etmək riskini yaradır”, - deyə o bildirib.

Ekspertlərə görə isə Rusiya narahatdır ki, ABŞ və NATO Qara dənizdə sərbəst hərəkəti indi Xəzərdə də etmək istəyir. O səbəbdən Kremlə yaxın media 12 avqust 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya istinad edərək Rusiyanı daha sərt tədbirlər görməyə çağırışlar edir.  İddia olunur ki, Rusiya qırıcı-tutucu  və AWACS təyyarələri bütün Xəzər dənizi üzərindən uçmaq hüququna malikdir. Xəzər Donanması gəmiləri isə İranın ərazi sularının kənarında üzmək hüququna malikdir. Xəzər dənizinə nəzarəti ələ keçirməklə isə Rusiya heç kimə hücum etmir, sadəcə, 2018-ci il konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirir. Rusiya da  Xəzər dənizində eyni şeyi edə bilmir?"

İki

Abutalıb Səmədov

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirib ki, Aktauda beş Xəzəryanı ölkə tərəfindən imzalanmış Xəzərin statusu haqqında Konvensiya qüvvəyə minməyib. Çünki İran hələ də həmin konvensiyanı ratifikasiya etməyib: “Səbəb də aydındır, İran hesab edir ki, onun payına düşən hissə ədalətli deyil və o, daha çox hissəni almalıdır. Bu səbəbdən Rusiyanın konvensiyaya istinad etməsi tamamilə hüquqazidd bir addım olar. Ancaq yaxşı bilirik ki, bu gün beynəlxalq hüquq zorba dövlətlər tərəfindən dəfələrlə tapdalanıb və yəqin bundan sonra da tapdalanacaq. Onu da nəzərə almalıyıq ki, Xəzər dənizində ən güclü hərbi donanmaya malik olan dövlət Rusiyadır. Onun hüquqazidd addımlar ataraq faktiki nəzarət elementlərini de-fakto genişləndirmək imkanı var. Üstəlik, davam edən müharibədən istifadə edərək Rusiyanın İranı konvensiyanı ratifikasiya etməyə inandırmaq cəhdləri də ola bilər. İran əgər Xəzərin statusu haqqında Konvensiyanı ratifikasiya edərsə, bu, Rusiyanın imkanlarını bir qədər də artırar. Əgər İran bu konvensiyanı ratifikasiya etməzsə, onda Rusiya konvensiyada nəzərdə tutulan tələblərə əməl etmək məcburiyyətindədir. Yəni nəzərə almalıdır ki, Xəzər yalnız sahilyanı dövlətlərə məxsusdur, hər ölkənin öz ərazi suları və balıqçılıq zonası var, qalan hissə isə ümumi istifadədədir. Təhlükəsizlik məsələləri kollektiv balans əsasında tənzimlənir. Yəni heç bir dövlət, o cümlədən Rusiya bütün dəniz üzərində nəzarət hüququna malik deyil”.

A.Səmədov qeyd etdi ki, Rusiya özünün ərazi suları üzərində sərbəst uçuş həyata keçirə bilər: “Bu, həm də AWACS təyyarələrinə aiddir. Onlar yalnız milli təhlükəsizlik çərçivəsində və öz zonalarında legitim fəaliyyət göstərə bilərlər, digər ölkələrin hava məkanına daxil olarlarsa, bu, artıq gərginlik yaradan amilə çevrilə bilər. Rusiya real olaraq nə edə bilər? Təbiidir ki, Xəzər donanmasının aktivliyini müəyyən qədər artıra bilər, hava patrullarını genişləndirməsi mümkündür, kəşfiyyat və nəzarət imkanlarını genişləndirə bilər. Hətta sahilyanı ölkələrə müəyyən siyasi təzyiqlər də göstərə bilər. Ancaq İran tərəfindən təsdiq olunmamış və qüvvəyə minməmiş konvensiyaya istinad edərək Xəzərdə özünün tam nəzarətini təmin etmək üçün praktik addımlar atması hüquqazidd olar və sahilyanı dövlətlərlə gərginliklər meydana gələr. Bu addım Rusiyaya qonşu dövlətlərin onsuz da azalmış etimadını xeyli sarsıtmış olar. Lakin bir daha təkrar eləməyə ehtiyac var ki, dövrümüz beynəlxalq hüququn işləmədiyi və zorba dövlətlərin istədiklərini reallaşdırdığı bir dövrdür və burada da Rusiyanın elə bir həvəsə düşməsi, fürsətdən istifadə edib Xəzər dənizində nəzarətini artırmaq istəməsi tamamilə mümkündür”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
17
1
musavat.com

2Sources