EN

108 il əvvəl...

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ermənilərin törətdiyi mart soyqırımında on minlərlə azərbaycanlı qətlə yetirilib

Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə ermənilər xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar, soyqırımı aktları törədib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 31 mart 1918-ci ildə baş vermiş  soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Bu qətliamın törədilməsindən 108 il ötür.

“Qanlı mart” soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindəndir

“Qanlı mart” soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixinin ən dəhşətli faciələrindəndir. Daşnak-bolşevik işğalçıları əllərinə düşən fürsətdən maksimum istifadə edərək uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıb, azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədiblər. Onlar Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə 70 mindən çox günahsız insanı amansızlıqla qətlə yetirib, Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə-yeksan edilib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Mart qırğınları zamanı təkcə Bakıda 30 min nəfərə qədər azərbaycanlının öldürüldüyü bildirilir. Bütün bunlar öz miqyasına və nəticələrinə görə həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara, həm də mənəvi-əxlaqi kodekslərə əsasən insanlığa qarşı və bəşəriyyət əleyhinə törədilmiş cinayətlər sayılır.

Fövqəladə İstintaq Komissiyasının təhqiqatı...

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 31 Mart ümummilli matəm günü elan edilib. 1918-ci il iyulun 15-də Nazirlər Şurasının qərarı ilə həmin faciəni araşdırmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Soyqırımı həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum da təsis edilib. Bununla da azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və torpaqlarımızın bir əsrdən çox davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərilib. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190-nı kişi, 2560-ı qadın, 1277-si uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü göstərilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

1918-ci ilin ilk beş ayında Quba qəzasında 16 mindən çox insan amansızlıqla qətlə yetirilib, 167 kənd isə tamamilə dağıdılıb. Erməni-daşnak dəstələrinin orada azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.

Həmin hadisədən 74 il sonra tarix yenidən təkrarlanıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı həyata keçirilib. Ən müasir hərbi texnika və silahların köməyi ilə gecə vaxtı şəhərə hücum edən erməni quldurları 613 nəfəri, o cümlədən 106 qadını, 63 uşağı və 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. Həmin dəhşətli gecədə 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Heydər Əliyev martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü elan edib

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yaranıb. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başlayıb. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil, erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə - soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.

Prezident və Birinci vitse-prezident Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında qətiyyətlə verilib. Soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında alıb. Ermənistanın 30 il davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

XİN: Bu qırğınlar məhz milli nifrət zəminində törədilib

Azərbaycanın Xarici İşlər Nazirliyi isə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, 1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksütyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar “əks-inqilabçılıqla mübarizə” pərdəsi altında məhz milli nifrət zəminində törədilib. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb. “Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub. Müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb. Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq”,- deyə bəyanatda vurğulanıb.

Bütövlükdə,  Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur. Eyni zamanda, tarixi ədaləti bərpa edərək qazandığı Zəfərlə öz gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
5
yeniazerbaycan.com

10Sources