EN

ABŞ İranda nə edir? - Rubio əsas hədəfi açıqladı

BAKI, 1 aprel. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Amerikanın İranın hava qüvvələri, donanması və raket-dron proqramını məhv etməyə və raket buraxılış sistemlərini zəiflətməyə çalışdığını və hazırda bu məqsədlərin böyük hissəsinə nail olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”a bildirib.

“Onların hava və dəniz qüvvələrini tamamilə məhv edəcəyik, bunun böyük hissəsi artıq edilib”, - dövlət katibi deyib.

Rubionun sözlərinə görə, ABŞ İranın raket və dron zavodlarını məhv etmək və raket buraxılış sistemlərini ciddi şəkildə zəiflətmək niyyətindədir ki, Tehran qonşularına qarşı təkrar hücumlar həyata keçirə və ya Amerika qüvvələri və bölgədəki müttəfiqlərini təhdid edə bilməsin.

İranın zənginləşdirilmiş uranı ilə bağlı suala cavab olaraq o vurğulayıb ki, Tehranın ölkə sərhədləri daxilində saxlamaqda israr etdiyi yüksək dərəcədə zənginləşdirilmiş uran elektrik enerjisi istehsalı və ya tibbi məqsədlər üçün istifadə olunmur: “İslam Respublikasının bu səviyyədə uran saxlaması üçün heç bir səbəbi yoxdur, ondan imtina etməlidir”.

O bildirib ki, Tehranın “dost” hesab etdiyi ölkələr də daxil olmaqla, müxtəlif dövlətlər dəfələrlə materialları təhvil verməyi təklif ediblər, amma İran bu tələbləri rədd edib: “İmtinanın yalnız bir səbəbi var: İran materialları gələcəkdə bomba istehsalında istifadə etmək üçün saxlamaq istəyir”.

Marko Rubio həmçinin İran rejiminin hazırkı vəziyyətini son illərdəki ən zəif vəziyyəti kimi xarakterizə edib, amma xəbərdarlıq edib ki, hətta bu şəraitdə belə, rejim qonşularına zərər verə bilib və əgər gələcəkdə hərbi imkanlarını artırarsa, nə baş verə biləcəyini təsəvvür etmək lazımdır.

Dövlət katibi ABŞ-nin dörd məqsədinə çatmaq yolunda olduğunu vurğulayıb: “Bu məqsədlərə tezliklə nail olunacaq”.

Chosen
22
teleqraf.com

1Sources