EN

Ekspert: Məktəbəqədər təhsildə son 5 ilin nəticələri strateji uğurdur

UNESCO-nun 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatında Azərbaycanın məktəbəqədər təhsil üzrə “nümunəvi ölkə təcrübəsi” kimi göstərilməsi həqiqətən strateji əhəmiyyət daşıyan göstəricidir. Hesabatda 5 yaşlı uşaqların məktəbəhazırlıq qrupları ilə əhatə səviyyəsinin 5 il ərzində 25%-dən 92%-ə yüksəlməsi xüsusi vurğulanır.

Məktəbəqədər təhsil sahəsində son beş ildə mühüm irəliləyişlər qeydə alınıb. Bu sözləri Təhsil eksperti Elçin Əfəndi QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu uğurların əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin idarəçiliyinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi olub.

Elçin Əfəndi bildirib ki, əvvəlki dövrlərdə bu sahə yerli icra hakimiyyətlərinin tabeliyində olduğundan müəyyən qarışıqlıq və sistemsizlik mövcud idi. Onun fikrincə, həmin dövrdə idarəetmədə vahid yanaşmanın olmaması məktəbəqədər təhsilin inkişafına mənfi təsir göstərirdi.

Ekspert vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin tabeliyinə keçiddən sonra bir sıra mühüm islahatlar həyata keçirilib. Bu islahatlar sırasında müəllimlərin işə qəbulunun vahid mərkəzləşdirilmiş qaydada aparılması, uşaqların bağçalara qəbul prosesinin mərkəzləşdirilməsi, eləcə də müvafiq monitorinqlərin təşkili xüsusi yer tutur.

E.Əfəndinin sözlərinə görə, valideynlərin övladlarını bağçalara yönləndirməsi istiqamətində də təşviqedici addımlar atılıb, həmçinin dövlət-özəl tərəfdaşlığı mexanizmləri genişləndirilib. Ekspertin bildirdiyinə əsasən, görülən tədbirlər nəticəsində məktəbəqədər yaş qrupuna aid uşaqların 92 faizə qədəri təhsil prosesinə cəlb olunub.

“Son beş il ərzində məktəbəqədər təhsil istiqamətində kifayət qədər uğurlar əldə olunub".

“Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra artıq bir sıra islahatların keçirildiyini gördük".

Ekspert əlavə edib ki, gələcək dövr üçün də əlavə tədbirlər planlaşdırılıb və bu istiqamətdə yeni fəaliyyət proqramları hazırlanır. O hesab edir ki, xüsusilə maliyyələşdirmə və tədqiqat işləri ilə bağlı müəyyən maneələrin aradan qaldırılması mövcud göstəricilərin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Elçin Əfəndi sonda qeyd edib ki, məktəbəqədər təhsilə çıxış imkanlarının daha da genişləndirilməsi üçün bu sahəyə əlavə investisiya və institusional dəstəyin yönləndirilməsi vacibdir.

Fatimə Nəbiyeva

Chosen
26
qht.az

1Sources