Dövlət və cəmiyyət üçün kim daha təhlükəlidir: cinayətin sifarişçisi və ya onun icraçısı? Bəli, bu klassik hesab olunan suala hüququn konkret cavabı ola bilər. Ancaq, ictimai-siyasi müstəvidə yaşanan bu və ya digər konkret hadisənin cəmiyyətə emosional təsir etmə ehtimalı mövcud hadisə ilə bağlı rəsmi hüquqi qiymətinin verilməsi prosesini hər zaman qabaqlayır. Sözügedən təsbit təcrübədə sınanılmış obyektiv həqiqətdir. Cəmiyyət konkret hadisə ilə bağlı ilk reaksiyalarını öncə emosional müstəvidə verir. Odur ki, yaşanan ilk emosiyalar qaçılmaz olaraq ictimai baxışlarda təhrif olunmuş “çöküntü” yarada bilir. Burada mütləq olaraq onu da əlavə etməliyik ki, məkrli məqsədlər güdən siyasi manipulyatorlar öz xain fəaliyyətlərində sözügedən sosial-psixoloji mexanizmdən böyük ustalıqla istifadə edirlər.
İnternet və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə mənəvi “əyləclərdən” məhrum olmuş manipulyatorlar nəzarətsiz sosial şəbəkələr sayəsində rahatlıqla onlara verilən “kirli” siyasi sifarişləri həyata keçirirlər. Əlbəttə ki, mahiyyət etibarı ilə fəaliyyətləri reketliyə daha çox oxşayan bəzi siyasi blogerlərinin aktivliyinin kökündə ədalət prinsipi dayanmayıb. Onlar sadəcə pul və ya digər vədlər müqabilində konkret verilmiş sifarişləri icra edirlər. Beynəlxalq təcrübəyə istinadən deyə bilərik ki, bu cür manipulyatorlara verilən düşmən sifarişlərinin hədəfində adətən ölkə rəhbərliyinin imici, milli birlik və siyasi sistemin sabitliyi dayanır.
Təsvir olunan obyektiv siyasi mənzərə bir tərəfdən dövlət idarəetmə prosesində peşəkarlığa artan tələbata işarə edir, digər tərəfdən isə təhdid yarada biləcək proseslərin qarşısının alınmasında unudulmuş siyasi maarifçiliyinin əhəmiyyətini artırır. Bəli, məhz bu səbəbdən də “radikalizm” mahiyyət etibarı ilə siyasi maarifçilikdən qorxur və onu inkar edir. Çünki, siyasi maarifçilik əhalinin ictimai şüurunun zombiləşməsi prosesinin qarşısını alır.
Sosial şəbəkələr siyasi manipulyasiyalar üçün münbit mühit yaradan katalizator rolunu oynayır. Hətta onu da əlavə edə bilərik ki, sözügedən proses bir çox dövlətlərdə artıq geriyə dönməz səviyyəyə qədər inkişaf edib. Sosial şəbəkələr yanlış olaraq siyasəti əlçatan fəaliyyət növü kimi təqdim edir və müasir cəmiyyətlərdə sosial-siyasi məsuliyyətsizliyinin inkişafını təhrik edir.
Ancaq unutmayaq ki, “siyasi çürümə” və ictimai münasibətlərin cılızlaşması prosesi heç də sosial şəbəkələrdən başlamadı. Mövcud məsələyə eyni zamanda qlobal kontekstdə də yanaşmaq lazımdır. Tarixi retrospektivdən müəyyən hadisələrə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, qeyd olunan tendensiyalar öncə cəmiyyətin ictimai təfəkküründə “mədəni oriyentirlərin” təhrif olunmasından başlamışdır. Mədəni dəyərlər o qədər cılızlaşıb ki, zamanında insanı iyrəndirə biləcək bəzi davranış tərzi indi sadəcə adiləşməyib, hətta “demokratik qəhrəmanlıq” kimi də cəmiyyətə sırınır.
Mədəni münasibətlərdə toplumun fikir və tələbatları bəsitləşdikcə siyasətdə də mürəkkəb ideoloji nəzəriyyələrə artıq ehtiyac duyulmur. Cəmi bir yanlış sosial-mədəni stereotipin konkret cəmiyyətdə yayılması nəticəsində nəinki humanitar inkişafın dayanması, hətta deqradasiya proseslərinin başlanması da istisna olunmur. Açıq ideoloji mübarizədən fərqli olaraq Qərbdə çoxdan inkişaf etmiş sosial mühəndisliyin sayəsində kütləvi davranış modellərinin kənardan formalaşması prosesi artıq daha az müqavimət ilə rastlaşır.
Belə ki, siyasi münasibətlərdə peşəkarlıq amili sürətlə arxivə göndərilən yaşadığımız dövrdə sosial şəbəkələr “saxta qəhrəmanları” yaradan alətə çevrilib. Həmin bu “saxta qəhrəmanlar” vasitəsilə “siyasi çürümə” prosesi davam etdirilir və siyasi sistem üçün yeni təhdidlər yaradılır. Prinsipial olaraq unutmaq olmaz ki, sosial şəbəkələr sosial-siyasi mühəndisliyin ən universal alətidir və bu alət vasitəsilə konkret ölkədə “seysmik” situasiyanı yaratmaq olar. Hər bir məsuliyyətli vətəndaş qeyd olunan obyektiv həqiqəti nəzərə almalı və cinayət xarakterli qərəzli manipulyasiyalarının alətinə çevrilməməlidir.
Qlobal güclərin səyləri nəticəsində sosial mühəndislik vasitəsilə müasir insanın ictimai şüuru qalmaqallara elə alışdırılıb ki, “şayiə” və “qalmaqal” ictimai həyatımızın mütləq parçasına çevrilib. Məlumatlılıqda artıq süni zəkaya uduzan insan, düşünməyi də tədricən ona həvalə etdiyi üçün internet məkanın real həyata təsiri ildən-ilə artır. Əlbəttə ki, sözügedən tendensiya siyasi münasibətlər kimi mürəkkəb bir sahədən yan keçə bilməzdi. Təəccüblü deyil ki, bilavasitə internet texnologiyalarının məhsulu olan sosial şəbəkələr müasir dövrdə sözün hərfi mənasında siyasi poliqona çevrilib.
“Manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan sözdür. Bəzən elə təsəvvür yaranır ki, dünya məhz manipulyasiyalar vasitəsilə idarə olunur. Bloger və sosial şəbəkə “fenomenləri” artıq geniş yayılmış manipulyasiya alətlərinə çevrilib, insanlar isə özləri də bilmədən şər və böhtanın yayılması prosesində iştirak edirlər. Manipulyasiya üçün istifadə olunan sosial şəbəkə səhifələri siyasi avantürist, demaqoq və psevdopatriotların qazanc mənbəyinə çevrilib. Manipulyatorlar insani hisslər və bəşəri dəyərləri sadəcə təzyiq aləti kimi istifadə edirlər.
Təyinatı siyasi həyatı yalnız ağ və qara rənglər ilə boyamaqdan ibarət olan radikalların strateji hədəfləri cəmiyyəti parçalamaq, total şübhə toxumları yaymaq və ictimaiyyətin diqqətini yalnız neqativ halların üzərinə cəmləməkdən ibarətdir. Odur ki, qeyd olunanlar müstəvisində, habelə son günlərdə yaşanan məlum qalmaqal çərçivəsində milli maraqların toxunulmazlığının təmin olunması məqsədilə dövlət və cəmiyyət üçün sözügedən təxribatın əsl sifarişçilərinin müəyyən olunması daha önəmli vəzifə sayıla bilər. İnternet xuliqanların məsuliyyətsiz əməlləri isə cəmiyyət tərəfindən “iqnor” olunmalı və şiddətli şəkildə qınanılmalıdır. Cılız xuliqan dövlət üçün təhdid yarada bilməz, onun ikrah yaradan əməlləri sadəcə ürək bulandırır. Elə ona görə də onların bu cür davranışları bu gün şiddətli ictimai qınağa məruz qalmasın deyə yuxarıda qeyd olunan “çürümə” prosesi məhz illər öncə mədəni oriyentirlərin deqradasiyasından başlamışdır. Şahidlik etməyə məcbur olduğumuz bəzi hadisələr bu günün məsulu deyil, onlar uzun illər ərzində yönəldilən proseslərin təzahürüdür. “Xuliqanlar” sadəcə sifarişlərin icraçılarıdır və onlar vaxtaşırı bir-birin əvəz edəcək. Bu müasir dövrün qaçılmaz reallığıdır. Bəli, istənilən dövrdə qəhrəmanlara ehtiyac duyulur. Ancaq xalqın əsl qəhrəmanları ucuz demaqogiya ilə məşğul olanlar deyil, ürəyində səmimi Vətən sevgisi yaşayan, öz işinə məsuliyyətlə yanaşan və hər gün öz işində kiçik qəhrəmanlıqlar edən vətəndaşlardır.
Politoloq Asif Adil