Rusiyada vətəndaşların gündə 12 saat, həftədə altı gün işləməsi təklif olunur. Bu barədə rusiyalı milyarder Oleq Deripaska 30 mart tarixində bildirib...
Poliqon xəbər verir ki, məlumatı Business Insider yayıb.
Nəşr qeyd edir ki, Deripaska ölkə iqtisadiyyatında müşahidə olunan yavaşlamanı faiz dərəcələri və ya monetar siyasətlə bağlı adi tənəzzüldən daha dərin problem kimi qiymətləndirir.
"Bu böhran daha dərindir. O, bir vaxtlar malik olduğumuz qlobal imkanlardan müxtəlif məhdudiyyətlərlə müşayiət olunan regional imkanlara keçid kimi mürəkkəb transformasiya ilə bağlıdır", deyə o, Telegram platformasında yazıb.
Deripaska bildirib ki, Rusiya özünün yeganə real resursu kimi "milli xüsusiyyətlərdən" istifadə etməlidir.
"Çətin dövrlərdə biz birləşməyi və daha çox işləməyi bacarırıq", deyə RusAl şirkətinin təsisçisi əlavə edib.
Onun fikrincə, iş gününün uzadılması iqtisadiyyatın dəyişən qlobal şərtlərə daha sürətli uyğunlaşmasına kömək edə bilər.
"Bu yeni qrafikə – saat 08:00-dan 20:00-dək, şənbə günləri də daxil olmaqla – nə qədər tez keçsək, bu transformasiyanı bir o qədər tez başa çatdırarıq", deyə milyarder vurğulayıb.
Məqalədə qeyd olunur ki, bu açıqlamalar Rusiyanın geosiyasi gərginlik və ticarət axınlarındakı dəyişikliklər fonunda yeni iqtisadi reallıqlara uyğunlaşmağa çalışdığı bir dövrdə səsləndirilib.
Bildirildiyinə görə, dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiya Yaxın Şərqdə gərginliyin artması və əsas tədarük marşrutlarında fasilələr səbəbindən neft bazarlarında baş verən dalğalanmalar fonunda qiymət artımından faydalanır.
Eyni zamanda qeyd olunur ki, Deripaska daha əvvəl Yaxın Şərqdəki münaqişənin neft qiymətlərinin artmasına baxmayaraq, qlobal və Rusiya iqtisadi artımına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Poliqon.info