EN

Yağış suları bəzi icra başçılarını “apara” bilər

Bakı şəhərində müşahidə olunan intensiv yağıntılar şəhər infrastrukturunun idarə olunmasında mövcud problemləri bir daha üzə çıxardı

Ötən həftə Bakıya yağan aramsız yağışların fəsadları hələ də qalır. Belə anlaşılır ki,  Azərbaycan  paytaxtına  cavabdeh  məmurların dəyişməyən üç  "düşməni" var: yaz, payız  və qış...

Qızmar yay Bakıdakı problemləri  "əridir", gözə görünmür. Yağışlar və azacıq yağan qar isə şəhərin infrastrukturundakı boşluqları üzə çıxarır və hər dəfə eyni suallar yenidən gündəmə gəlir.

Bəllidir ki, yağan intensiv yağışlar Bakının bir çox ərazisində ciddi problemlərə səbəb olur. Xüsusilə aşağı ərazilərdə və köhnə məhəllələrdə subasma halları demək olar ki, adi hala çevrilib. Küçələr gölə dönür, avtomobillər hərəkətdə çətinlik çəkir, piyadalar isə saatlarla yol keçmək üçün çalışırlar. Problem təkcə yağışın miqdarı ilə izah edilmir. Əsas məsələ yağış sularının axıdılması sisteminin yetərsizliyi, kanalizasiya xətlərinin köhnəlməsi və bəzi hallarda ümumiyyətlə, mövcud olmamasıdır. Hər il eyni görüntülərin təkrarlanması isə göstərir ki, bu sahəyə ya sistemli yanaşma yoxdur, ya da görülən tədbirlər effekt vermir. Qışda isə eyni vəziyyət fərqli formada təkrarlanır. Qar yağan kimi Bakı yollarında nəqliyyatın hərəkəti çətinləşir, bəzən isə tam iflic vəziyyətinə düşür. Küçələrin vaxtında təmizlənməməsi, texnikanın çatışmazlığı və koordinasiyanın zəifliyi bu problemləri daha da dərinləşdirir.

Bəzi hallarda bir neçə saatlıq qar yağışı belə şəhərin normal fəaliyyətini pozmağa kifayət edir. Məktəblər, iş yerləri, ictimai nəqliyyat - hamısı bu vəziyyətdən təsirlənir. Məsələ ondadır ki, hər iki problem - həm yazda subasma, həm də qışda qar - proqnozlaşdırıla bilən təbii hadisələrdir. Yəni burada əsas məsuliyyət təbiətin yox, idarəetmənin üzərinə düşür. "Düşmən" əslində təbiət deyil, şəhər təsərrüfatındakı sistemsizlikdir. Əgər ciddi və uzunmüddətli yanaşma tətbiq olunmasa, Bakı üçün yaz və qış "düşmən" olaraq qalmağa davam edəcək - məmurlar isə hər il eyni bəhanələrlə üz-üzə qalacaqlar.

Yeri gəlmişkən, Bakı meriyasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, onların daha da gücləndirilməsi, su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə olunub və müvafiq tapşırıqlar verilib. Bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib. Aparılan monitorinqlərin nəticələri kimi yağışdan ən çox  zərərçəkən vaxtilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında rayon icra başçılarının şəxsi məsuliyyət daşıdığı bildirilib. Mümkündür ki, bu yağış suları, obrazlı desək, bəzi rayon icra başçılarını vəzifədən "yuyub apara bilər".  Eldar Əzizova gəlincə,   açıqlamalarından belə anlaşılır ki, onun özünün bu məsələlərdə heç bir şəxsi məsuliyyəti yoxdur.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı "Yeni Müsavat"a fikrini bölüşüb: "Bakı şəhərində müşahidə olunan intensiv və fasiləsiz yağıntılar şəhər infrastrukturunun idarə olunmasında mövcud boşluqları daha aydın göstərdi. Xüsusilə drenaj sistemləri, yağış sularının idarə olunması və şəhər planlaşdırılması sahəsində yaranan problemlər nəticəsində bir sıra ərazilərdə su basqınları müşahidə edildi. Bir mütəxəssis olaraq bütün məsuliyyətimlə deyirəm ki, sürətlə dəyişən iqlim şərtləri və urbanizasiya fonunda şəhər idarəetməsi daha çevik, inteqrasiya olunmuş və texnologiya əsaslı yanaşmalar tələb edir. Mövcud vəziyyətin təhlili göstərir ki, Eldar Əzizovun rəhbərliyində həyata keçirilən idarəetmə modeli müasir beynəlxalq standartlarla tam uyğunlaşma mərhələsini hələ keçə bilməyib. El arasında tez-tez işlədilən bir ifadə var, artıq 57-ci ilin "pobedası" günümüzdə yerimir. Niyə məcbur edirsiniz? Dünya dəyişib, idarəetmə texnologiyaları dəyişib, yanaşmalar, trendlər dəyişib? Velosipedi yenidən icad etmək lazım deyil. Bir sıra ölkələr artıq bu şəhər idarəçiliyində uğurlu praktikanı tətbiq etməyə nail olub. Biz də  müasir beynəlxalq standartlarla ayaqlaşmalıyıq".

Ekspert deyib ki, 2026-cı ilin "Memarlıq və Şəhərsalma İli" elan edilməsinə baxmayaraq, şəhərin sürətlə dəyişən urban mühitinə uyğunlaşma tempi hələ beynəlxalq idarəetmə standartlarının tələblərinə cavab vermir: "Görüntü açıqdır, üç gün davam edən yağış zamanı insanlar yolların üzərində qalır, su basqınları küçələri iflic edir. Bu, yalnız fərdi rəhbərlik məsələsi deyil, eyni zamanda institusional çevikliyin, qabaqlayıcı planlaşdırmanın və rəqəmsal idarəetmə mexanizmlərinin inkişaf etdirilməsinin zəruriliyini göstərir".

Mütəxəssisə görə,  indi şəhər idarəçiliyində "smart city", dayanıqlı infrastruktur və qabaqlayıcı planlaşdırma prinsiplərinə keçidin tam vaxtdır: "Bu, həm vətəndaşların təhlükəsizliyini təmin edəcək, yağış yağanda tuneldə insanlar dünyasını dəyişməyəcək, həm də Bakını beynəlxalq standartlara uyğun müasir şəhər səviyyəsinə qaldıracaq. Beynəlxalq şəhər idarəetmə trendləri real vaxt məlumattoplama, sensor şəbəkələri və analitik platformalar şəhərin operativ idarə olunması, dayanıqlı infrastruktur, yaşıl şəhər yanaşması, risk əsaslı planlaşdırma və qabaqlayıcı idarəetmə və ictimai iştirakçılıq və şəffaf prinsiplərə əsaslanır.

Mövcud vəziyyətin təkmilləşdirilməsi üçün dünya ilə ayaqlaşmalıyıq. Ayrıca yağış suyu kanalizasiya sistemi və şəhər boyunca inteqrasiya olunmuş drenaj şəbəkələri çəkilməlidir. "Süngər şəhər" (permeable surfaces, yaşıllıqlar) yanaşmasının tətbiqi həyata keçirilməlidir. Smart city texnologiyaları və real vaxt monitorinq sistemlərinin genişləndirilməsi həyata keçirilməlidir. Tikinti və urbanizasiya qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilməlidir. Müxtəlif qurumlar arasında vahid koordinasiya və qərarvermə mərkəzinin yaradılması təmin edilməlidir.

Bakıda baş verən hadisələr göstərir ki, birmənalı olaraq, Eldar Əzizov kimi kadrlardan imtina edilməlidir,  şəhər idarəetməsi beynəlxalq standartlara uyğunlaşmalı, daha dayanıqlı, adaptiv və qabaqlayıcı idarəetmə modelləri əsasında qurulmalıdır. 2026-cı ilin "Memarlıq və Şəhərsalma İli" elan olunmasına baxmayaraq, şəhərin sürətli inkişafına uyğunlaşma tempi hələ kifayət qədər sürətli deyil və bu istiqamətdə sistemli tədbirlərin həyata keçirilməsi zəruridir. Yoxsa hər qar yağanda, hər yağış yağanda, hər beynəlxalq tədbir keçirəndə bu tip problemlərlə üzləşəcəyik".

İqtisadçı Eyyub Kərimlinin də mövzu ilə bağlı fikirləri diqqət çəkir: "Ölkədə yağıntılar evlərə, əmlaklara ciddi ziyan vurur. Ötən illərdə belə hadisələr baş verməsinə baxmayaraq, əmlak sığortası 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə cəmi 8% artıb. Əslində təkrarlanan hallar üçün böyük artım sayıla bilməz. Baş verən təbii hadisələrdən insanlarımız niyə nəticə çıxarmaq istəmir? Ev almaq və ya inşa etdirmək ən azından 50-100 min manatdan çox vəsait tələb edir. Bəs bu qədər vəsait xərcləndiyi zaman həmin mülkün təhlükəsizliyinə niyə ildə 50-100 manat xərcləmək istəmirik? Təbii və digər fəlakətlərə qarşı əmlak sığortasına niyə biganə yanaşırıq? Bu gün daşınmaz əmlak sahiblərinə, əsasən də həyət evində yaşayanlara əmlak sığortası hər bir ailəni ciddi zərərlərin qarşılanmasına dəstək ola bilərdi. Bu problemlər daşınan əmlakların da kasko sığortasını ciddi aktuallaşdırır. Mövcud məlumatlara əsasən ölkədə daşınmaz əmlakın təxminən 15-20% sığortalanıb. Baxmayaraq ki, beynəlxalq təcrübədə bu rəqəm 70-90% təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
1
olaylar.az

2Sources