EN

Qabil Əlizadə: “Bu qələbə bizə hava, su kimi lazımdır”

"Səfərdə heç-heçə etmişdiksə, bu dəfə doğma meydanda ancaq qələbəyə köklənmişik".

Milli.Az xəbər verir ki, bu sözləri "Mingəçevir" klubunun futbolçusu Qabil Əlizadə Sport24.az-a müsahibəsində deyib.

⁠- Komanda növbəti turda çempionluğa iddialı "Şəfa" ilə üz-üzə gələcək. Matçdan gözləntilərin nədir?

- Çox çətin qarşılaşma olacaq. Onlara qarşı son oyunda öz "diş"imizi göstərmişdik. Səfərdə heç-heçə etmişdiksə, bu dəfə doğma meydanda ancaq qələbəyə köklənmişik. 

- Qələbə qazansanız, Premyer Liqa yolunda önəmli addım atacaqsınız. Çünki bu tur "Baku Sportinq" "Səbail"lə oynayacaq

- Bu matçda qalibiyyət bizə hava, su kimi lazımdır. Qələbə sayəsində komandanın psixoloji vəziyyəti daha da yaxşı olacaq. Əsas hədəfimiz çempionluqdur. Amma buna nail ola bilməsək, əlimizdən gələni edəcəyik ki, ikinci yeri tutaq. Ən azından mövsümü ikinci pillədə bitirib pley-off oynamaq niyyətindəyik.

- "Mingəçevir"in I Liqada ən azı ikinci yeri tutma ehtimalını necə görürsən?

- Düşünürəm ki, "Baku Sportinq" və "Səbail"lə müqayisədə bizim şanslarımız daha çoxdur. Turnir cədvəlində komandalar bir-birinə çox yaxındır. Sanki biri digərinin səhvini gözləyir. Məncə, bu mübarizə son turadək davam edəcək. Bütün suallara son turda aydınlıq gələcək.

- Səncə, komandanız cari mövsüm daha yaxşı nəticələr əldə edə bilərdimi?

- Bəli. Bu mövsüm çox xal itkisi ilə üzləşdik. "Zaqatala", "Difai" və "Şahdağ Qusar"la qarşılaşmalarda xallar itirmişik. Əslində, bu mövsüm I Liqada inkişaf hiss olunur. Çempionatda hər an hər şey ola bilir. Sonuncu pillədəki kollektiv də ön sıralarda olan komandadan xal alır. 

- Öz karyeranla bağlı nə deyə bilərsən? Mingəçevir Premyer Liqaya vəsiqə qazana bilməsə, komandada qalacaqsan?

- Bu barədə hələ dəqiq bir şey planlaşdırmamışam. Növbəti mövsüm Premyer Liqada oynamaq niyyətindəyəm. Bunu "Mingəçevir"lə bacarsaq, çox gözəl olar.

Milli.Az

Chosen
1
7
milli.az

8Sources