"Səfərdə heç-heçə etmişdiksə, bu dəfə doğma meydanda ancaq qələbəyə köklənmişik".
“İki sahil” xəbər verir ki, bu sözləri "Mingəçevir" klubunun futbolçusu Qabil Əlizadə mətbuata müsahibəsində deyib: "Çox çətin qarşılaşma olacaq. Onlara qarşı son oyunda öz "diş"imizi göstərmişdik. Səfərdə heç-heçə etmişdiksə, bu dəfə doğma meydanda ancaq qələbəyə köklənmişik. Bu matçda qalibiyyət bizə hava, su kimi lazımdır. Qələbə sayəsində komandanın psixoloji vəziyyəti daha da yaxşı olacaq. Əsas hədəfimiz çempionluqdur. Amma buna nail ola bilməsək, əlimizdən gələni edəcəyik ki, ikinci yeri tutaq. Ən azından mövsümü ikinci pillədə bitirib pley-off oynamaq niyyətindəyik. Düşünürəm ki, "Baku Sportinq" və "Səbail"lə müqayisədə bizim şanslarımız daha çoxdur. Turnir cədvəlində komandalar bir-birinə çox yaxındır.
Sanki biri digərinin səhvini gözləyir. Məncə, bu mübarizə son turadək davam edəcək. Bütün suallara son turda aydınlıq gələcək. Bu mövsüm çox xal itkisi ilə üzləşdik. "Zaqatala", "Difai" və "Şahdağ Qusar"la qarşılaşmalarda xallar itirmişik. Əslində, bu mövsüm I Liqada inkişaf hiss olunur. Çempionatda hər an hər şey ola bilir. Sonuncu pillədəki kollektiv də ön sıralarda olan komandadan xal alır. Bu barədə hələ dəqiq bir şey planlaşdırmamışam. Növbəti mövsüm Premyer Liqada oynamaq niyyətindəyəm. Bunu "Mingəçevir"lə bacarsaq, çox gözəl olar."