EN

Nüvəyə güvənmək ehtirası və rusların “Gombul”u “kopi-peyst” etməsi

İran dövlətinin başına gələnlərə baxanda İosif Stalinin Rusiyada nədən hələ də bu qədər sevildiyi anlaşılır.

Bəşər tarixinin ən qəddar, ən amansız, ən qanlı diktatoru milyonlarla insanı məhv etməsinə, törətdiyi cinayətlərin misilsizliyinə baxmayaraq, müasir Rusiyada ona görə sevilir ki, o, Rusiyanı nasist Almaniyasının müstəmləkəsi olmaqdan xilas etməklə qalmayıb, aqrar ölkəni nüvə dövlətinə çevirib və onun toxunulmazlığını təmin edib.

Əgər sovet dövləti 1949-cu ildə atom bombası yaratmasaydı, bəlkə də elə həmin il və ya ondan bir-iki il sonra ABŞ tərəfindən atom bombardmanına məruz qalacaq, darmadağın olacaqdı.

ABŞ prezidenti Harri Trumenin və komandasının belə bir planı olub, ancaq amerikalılar SSRİ-nin nüvə silahı əldə etmək şansını yüksək qiymətləndirməyiblər, SSRİ-yə atom bombası atmağı, dizini yerə gətirməyi təxirə salıblar, o vaxta qədər isə Stalin və Beriya ruslara ömürlük nüvə qalxanı düzəldib.

bersta.JPG

İndi aşkara çıxır ki, İran bu məsələdə SSRİ-nin hərtərəfli təcrübəsindən bəhrələnməyib.

Tehranın nüvə silahı əldə etmək niyyəti, işlərin hansı mərhələdə olduğu, sentrafuqaların harada yerləşdiyi, saflaşdırılmış (zənginləşdirilmiş) uranın miqdarı, nüvə fiziki alimlərinin adları, bir sözlə, hər şey hamıya bəlliydi. Hətta İranın bu silahı əldə etdikdən sonra nə edəcəyi də hamıya, xüsusilə də Tehran tərəfindən Yer üzündən silinəcəyi ilə vaxtaşırı hədələnən İsrailə məlum idi.

Baxaq, görək, SSRİ rəhbərliyi atom bombası düzəldərkən necə edib.

Stalin və silahdaşları aydın şəkildə anlayıblar ki, Kremlin atom bombası düzəltmək niyyətində olması və bu istiqamətdə iş görməsi barədə xəbər kənara sızsa, sovet dövlətinə bu imkanı verməyəcəklər. Ona görə də iş son dərəcə məxfi şəkildə aparaılıb. Layihəyə dövlət təhlükəsizliyi strukturunun (DİN və DTK-nın simbiozu olan XDİK-NKVD-nin) şefi olmuş Lavrenti Beriya rəhbərlik edib. O, insanları ağızlarını bərk saxlamağa məcbur etməyin yollarını yaxşı bilirdi və sovet ölkəsində ondan, demək olar ki, hamı qorxurdu.

arzam.JPG

Sovet rəhbərliyi gizli nüvə təsisatı yaratmaq üçün Moskvadan çox da uzaqda olmayan bir yer seçiblər. Bu, Nijni Novqorod bölgəsində yerləşən Sarov şəhəri olub. Şəhərin adını dəyişdirib Arzamas 16 qoyublar. 1946-cı ildə iş başlayıb. Şəhər tam gizli bir məkana çevrilib, ətraf dünyadan tam təcrid edilib, xəritələrdə qeyd edilməyib və ən yüksək səviyyədə təhlükəsizlik təmin edilib. Üç qatlı tikanlı məftillə dövrələnən və bir nəfər də olsun yad adamın olmadığı şəhərdə nüvə tədqiqatçıları və onlara qulluq edənlər üçün əla şərait yaradılıb. Müharibədən çıxmış ölkədə milyonlarla insan aclıq çəkərkən Arzamas-16-da yaşayıb işləyənlər heç nədən koruq çəkməyiblər.

Alimlər Leninqrad və Moskvanın tədqiqat institutlarından götürülərək. ailəliklə burada yerləşdiriliblər. Onların harada olduqlarını ən yaxınları da bilməyib. Hamının xarici aləmlə ünsiyyəti məhdudlaşdırılıb – məktub yazmaq, zəng etmək yasaqlanıb. Başqa-başqa şöbələrdə işləyən ər-arvadın axşam süfrəsində nə üş gördükləri barədə bir-birilə müzakirə aparması belə qadağan edilib.

Beriya prosesə birbaşa rəhbərlik edib. Onun istənilən qüsuru “zərərvericilik”, adi bir hesablama səhvini isə “sabotaj” sayacağını bilən alimlər işlərinə son dərəcə məsuliyyətlə yanaşıblar. Beriya onlara lazım olan bütün avadanlıq və materialları təmin edib.

_104544951_1959_127_159.jpg

Yaponiyaya atılımış “Gombul” adlanan atom bombasının dizayn və texnologiya məlumatlarını Moskvaya ABŞ-nin Nyu-Meksiko ştatının Los-Alamos şəhərində yerləşən nüvə mərkəzində işləyən alman əsilli Klaus Fuks ötürüb. Bundan başqa, Teodor Holl (şəkildə) adlı amerikalı fizik və mexanik David Qrinqlass bombaya dair sirləri sovet tərəfinə verdiyi üçün sovet alimlərinin işi elə də çətin olmayıb. Onlar ABŞ-nin atom bombasını, müasir jarqonlarla desək, “kopi-peyst” ediblər, adını da RDS-1 qoyublar. RDS abbreviaturasının açması isə çox sadədir: Rossiya Delaet Sama (“Rusiya özü düzəldir”).

İran da öz bombasını özü düzəltmək istəyirdi. Amma İsrail kəşfiyyatı Tehranın nüvə proqramı haqda hər şeyi bilirdi. İran nüvə alimlərini qoruya bilmirdi, onları ya oğurlayır, ya da evində yatdığı, bunkerdə işlədiyi yerdə öldürürdülər. Ötən ilin iyununda ABŞ-nin İrandakı nüvə santrallarına endirdiyi aviazərbə zamanı xeyli nüvə fiziki öldürülüb.

natnz.jpg

Bu xüsusda İranın üç böyük səhvi var: 1. Nüvə silahı əldə etmək niyyətini gizlətməməsi və onu kimə yönəldəcəyini yerli-yersiz bəyan etməsi; 2. Məxfiliyi qoruya bilməməsi, tədqiqatların əsasən Buşəhr və Natanzda aparılmasının bütün dünyaya bəlli olması; 3. Nüvə alimlərini qorumağı bacarmaması, onları İsrail və ABŞ xüsusi xidmət orqanlarının nişangahına tuş etməsi.

Əslində İran kimi böyük insan resursu, hərbi qüdrəti, təbii sərvətləri olan ölkəyə nüvə silahı lazım deyildi. Dünyanın 190 ölkəsinin nüvə silahı yoxdur və heç kəs hücum edib onları işğal etmir. Nüvə silahı olan Rusiyanın özündən hər cəhətcə və qat-qat zəif olan Ukraynada 4 ildir necə bataqlığa saplandığını bütün dünya görür.

 

Chosen
27
musavat.com

1Sources