EN

AAYDA-nın “torpaqyeyən” məmurları

Ölkədə tıxacların aradan qaldırılması üçün Preizident İlham Əliyevin rəhbərliyi ilə bir sıra layihələri icra olunur.

Tribuna.az xəbər verir ki, indiyə qədər çoxlu sayda layihələr həyata keçirilib ki, bu da insanların rahatlıqla mənzil başına çatmasına yardımçı olub.
Lakin bu işlərə kölgə salanlar da var. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) keçmiş sədr Saleh Məmmədov dönəmindən qalma bir çox neqativlər hələ də davam edir. Xüsusilə də Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun inşası zamanı vətəndaşların haqlarının tapdalanması prosesinə daha çox rast gəlinir.
Verilən məlumatlara görə, AAYDA-nın İnvestisiya İdarəsinin İnvestisiya Layihələri üzrə Yol Əsası və Mühafizə Zolağında olan Maneələrin Aradan Qaldırılması və Monitorinqi Şöbəsinin üç əməkdaşı sözügedən məsələdə ad çıxarıblar. Söhbət Surət, Mehman və Elvin adlı məmurlardan gedir.
Bildirilir ki, Fatmai, Mehdiabad, II Sovxoz, Bitçililik İnstitutunun yaxınlığındakı ərazilərdə yol çəkilişi ilə bağlı ciddi narazılıq müşahidə edilir. Mehdiabad yaxınlığında da yol çəkilişi və körpü inşası vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması səbəbi ilə narazılıqla qarşılanıb.
Vətəndaşların verdiyi məlumata görə, AAYDA-nın “3 muşketyoru” müxtəlif bəhanələrlə vətəndaşların kompensasiya almasını məhdudlaşdırır, onların sahib olduğu torpaq sahələrini öz qohumlarının adına aşağı qiymətə sənədləşdirir, daha sonra yol-körpü layihəsi səbəbilə plana düşən həmin torpaq sahələrinə görə yüksək məbləğdə kompensasiya əldə edirlər.
Bundan başqa, Saleh Məmmədovun yetirmələri vətəndaşları daha aşağı məbləğdə kompensasiyaya razı salmaq üçün onların sahib olduqları çıxarışların etibarlılığına əsassız iradlar tutur, bəzi hallarda yol layihəsi keçən torpaq sahələrinin yarısı, yaxud bəlli bir qismi üçün kompensasiya ödəmirlər. Bəzi ərazilərdə vətəndaşlara heç bir ödəniş etmədən onların sahib olduqları torpaq üzərində körpü qovşaqları inşa edilib ki, bu da ciddi qanun pozuntusu deməkdir.
Hətta iş o yerə çatıb ki, bu şəxslər Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşlara əvəzsiz olaraq verilən və onların tam mülkiyyəti olan torpaq sahələri ilə bağlı da vətəndaşlara hədə-qorxu gəlir, onlara çatmalı olan vəsaiti mənimsəmək üçün min bir üsula əl atırlar.
Nəzərinizə çatdıraq ki, yaxın günlərdə oxuculara adıçəkilən məmurların yol verdiyi qanunsuzluqlarla bağlı daha ətraflı tanış edəcəyik.


 
Chosen
36
yenilik.az

1Sources