Azad olunmuş ərazilərdə minaların səbəb olduğu bədbəxt hadisələrdən biri bu günlərdə baş verib: bir sakin minaya düşərək ayağını itirib və əlillik statusu qazanıb. Bu tip halların təkrarlandığını vurğulayan ekspertlər, vətəndaşların həmin ərazilərdə hər zaman diqqətli olmasının vacibliyini qeyd edirlər.
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidenti vəziyyətə dərhal reaksiya verərək, minalarda zərər görən və əlillik qazanan şəxslər üçün 700 manat məbləğində yeni təqaüd təsis edib.
“Bu fərman vətəndaş yönümlü siyasətin növbəti nümunəsidir. Ölkə başçısı həmişə vətəndaşın sosial rifahına diqqət göstərir və yaxşı yaşamaq hər bir vətəndaşın haqqıdır. Dövlətin qayğısı və diqqəti əlilliyi qazanan şəxsləri əhatə edir,” – deyə Zülfiyyə Nuriyeva bildirib.
O həmçinin qeyd edib ki, bu fərman vətəndaşların sərbəst şəkildə minalı ərazilərə daxil ola biləcəyi anlamına gəlmir. “Qarabağ ərazilərinə gedərkən hər zaman ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Bu tip hadisələr ağır nəticələrlə bitə bilər,” – deyə o əlavə edib.
Zülfiyyə Nuriyeva vurğulayıb ki, ölkə başçısının qayğısı və fərmanları hər zaman vətəndaşların yanında olduğunu göstərir və bu, cəmiyyət tərəfindən yüksək qiymətləndirilməlidir.
Zəhra Ağayeva