EN

Azərbaycanda məktəbə hazırlıq üzrə göstəricilər yüksəlir

UNESCO-nun 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatında Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə etdiyi nailiyyətlərin xüsusi olaraq nümunəvi ölkə təcrübəsi kimi qeyd olunub. Xüsusilə 5 yaşlı uşaqların məktəbəhazırlıq qrupları ilə əhatə səviyyəsinin qısa müddətdə 25 faizdən 92 faizə yüksəlməsi çox önəmli göstərici kimi təqdim edilib.

Mövzu ilə bağlı Təhsil eksperti Ramin Nurəliyev QHT.az-a olan açıqlamasında Azərbaycanda məktəbə hazırlıq istiqamətində son illər əldə olunan nəticələr diqqətçəkici olaraq qiymətləndirib və bildirib ki, ölkədə bu sahədə əldə olunan uğurlar artıq beynəlxalq səviyyədə də nümunə kimi təqdim olunur və bəzi ölkələrə Azərbaycan modelinin tətbiqi tövsiyə edilir.

R.Nurəliyevin sözlərinə görə, 2025-ci ilin statistikasına əsasən, ümumilikdə 130 minə yaxın şagird birinci sinfə qədəm qoyub. Eyni zamanda 86 mindən çox uşaq məktəbə hazırlıq qruplarına cəlb olunub. Ekspert qeyd edib ki, bu göstəricinin 2026-cı ildə daha da artacağı gözlənilir.

“Məktəbə hazırlıq bir təməldir və bu təməl formalaşdıqda şagird birinci sinifdə tədris prosesinə daha rahat şəkildə cəlb olunur” – deyə ekspert vurğulayıb.

Ramin Nurəliyev bildirib ki, məktəbə hazırlıq qruplarında iştirak edən uşaqlar birinci sinfə başladıqda artıq müəyyən baza biliklərinə sahib olurlar. Bu isə onların inkişaf prosesinin daha sürətli və səmərəli şəkildə davam etməsinə şərait yaradır. Ekspertin fikrincə, valideynlərin bu istiqamətdə marağının artması da əldə olunan yüksək göstəricilərdə mühüm rol oynayır.

Ekspert vurğulayıb ki, hazırda məktəbə hazırlıq üzrə göstəricilər 85-90 faiz civarındadır və bu, çox böyük uğur hesab edilməlidir. Onun sözlərinə görə, bəzi regionlarda, xüsusilə ucqar və dağ kəndlərində mövcud olan çətinliklər göstəricinin 100 faizə çatmasına mane olur.

“Əgər regionlarda bu istiqamətdə müvafiq addımlar atılarsa, yaxın gələcəkdə 100 faiz nəticə əldə etmək mümkün ola bilər” – deyə R.Nurəliyev qeyd edib.

Ramin Nurəliyev həmçinin son illərdə təhsil sahəsində xidmətlərin elektronlaşdırılmasını yüksək qiymətləndirib. O bildirib ki, məktəbə hazırlıq, birinci sinfə qəbul və şagirdlərin məktəb dəyişməsi kimi xidmətlərin onlayn qaydada həyata keçirilməsi şəffaflığın artırılmasına və valideynlər üçün rahatlığın təmin olunmasına ciddi töhfə verir.

Ekspertin sözlərinə görə, elektron qeydiyyat sistemi valideynlərin məktəblərə gedib vaxt itirməsinin qarşısını alır, bütün prosesin daha operativ və şəffaf şəkildə aparılmasına imkan yaradır. O, Elm və Təhsil Nazirliyinin bu sahədə operativ fəaliyyət göstərdiyini və yaxın illərdə nəticələrin daha da yaxşılaşacağını bildirib.

R.Nurəliyev sonda vurğulayıb ki, məktəbə hazırlıq üzrə göstəricilərin yüksəlməsi Azərbaycan təhsilinin inkişafının mühüm göstəricilərindən biridir və ölkənin bu təcrübəsinin beynəlxalq qurumlar tərəfindən digər dövlətlərə nümunə kimi təqdim olunması qürurverici haldır.

Fatimə Nəbiyeva

Chosen
34
qht.az

1Sources