EN

“Bu sözləri Putin belə işlətmir, Tramp isə...” - ŞOK AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp NATO-dan narazılığını yenidən dilə gətirib. “The Telegraph” qəzetinə müsahibəsində bu dəfə o, alyansı daha sərt üslubda tənqid edib. Tramp deyib ki, Birləşmiş Ştatların NATO-dan çıxması imkanlarını araşdırır. O, alyansı “kağız pələng” adlandırıb və İranla yaşanan münaqişə fonunda müttəfiqlərin mövqeyindən narazılığını bu şəkildə ifadə edib.

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Trampın anti-NATO mövqeyi əslində İrana qarşı müharibədən xeyli əvvəllərdən özünü zaman-zaman göstərib:

“Hələ birinci hakimiyyəti dövründə Tramp anti-NATO çıxışları edirdi və alyansın maliyyə təminatının daha çox ABŞ-nin üzərində olduğunu deyərək bu vəziyyətə etiraz edirdi. Hətta belə bir ifadə işlətmişdi ki, pulu kim verirsə, mahnı sifarişini də o verməlidir. Tramp bu səbəbləri əsas göstərərək həmişə hesab edib ki, NATO ABŞ-nin bütün istəklərinə müntəzir olmalıdır, Vaşinqtondan gələn bütün əmrlərə, istəklərə alyans müsbət reaksiya verib tabe olmalıdır. İrana qarşı müharibənin necə nəticələnməsi Donald Tramp üçün həyati əhəmiyyət daşıdığından o, NATO-dan indi daha çox dəstək gözləyir. Artıq bunu dəfələrlə açıq şəkildə dilinə gətirir. Qarşı tərəfdən hələ də müsbət reaksiya olmadığı üçün əksinə, NATO rəhbərliyinin “NATO İran müharibəsində iştirak etmir” kimi mövqeyini ortaya qoyandan sonra Tramp alyansı hədə ritorikasına keçdi”.

qabil.jpg

Politoloqun sözlərinə görə, belə görünür ki, hədələrin də ciddi təsiri yoxdur:

“Ona görə də Tramp NATO-nu aşağılayacaq ifadələri də dilinə gətirməyə başlayır. “Kağız pələng” ifadəsi faktiki olaraq dünyanın ən güclü hərbi blokunu aşağılamaqdır. Trampın NATO-ya qarşı bu tipli ifadələrini hətta Putin belə işlətmir. Faktiki olaraq bu gün Tramp Putindən çox anti-NATO mövqeyində görünür. O ki qaldı ABŞ-nin NATO-dan çıxması məsələsinə, bu, təkcə prezidentin mövqeyindən və qərarından asılı ola məsələ deyil”.

Etibar Seyidağa,
Musavat.com

Chosen
23
50
musavat.com

10Sources