EN

Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“ABŞ və İran arasında mövcud hərbi qarşıdurma nə qədər sərt görünsə də, prosesin sonu diplomatik masada tamamlanmalıdır. Belə olan halda regional layihələrin, o cümlədən Zəngəzur dəhlizinin taleyinə hərbi nəticələrdən çox danışıqlar sonrası geosiyasi balansın təsiri istisna deyil”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi qarşıdurma səbəbi deyil və olmayacaq:

“Bu, geoiqtisadi əhəmiyyətə malik tranzit-nəqliyyat layihəsidir. Ən vacib məqam budur ki, Zəngəzur dəhlizi nə ABŞ-İran münaqişəsinin səbəbidir, nə də onun mərkəzində dayanan məsələlərdəndir. Bu dəhlizin əsas funksiyası Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə yaratmaq, regionda nəqliyyat-kommunikasiya xətlərini açmaq və Orta Dəhliz çərçivəsində bağlantının gücləndirilməsidir. Bu səbəbdən onu regional və ya qlobal hərbi qarşıdurmanın əsas motivi kimi təqdim etmək cəhdi nə analitik, nə də real vəziyyət baxımdan doğrudur”.

RİZVAN.jpg

Rizvan Nəbiyev bildirib ki, ABŞ ilə hərbi əməliyyatlar başlanmazdan əvvəl İranın mövqeyində sərt ritorikadan praqmatik yanaşmaya doğru transformasiya müşahidə olunurdu:

“İranın Zəngəzur məsələsində mövqeyi zamanla transformasiya olunub. Əvvəl “qırmızı xətt” kimi təqdim edilirdisə, lakin son vaxtlarda Tehran “dəhliz” deyil, “nəqliyyat marşrutu” məsələsini qəbul etməyə başlayıb. Bu isə nəqliyyat-tranzit layihəsinə münasibətdə açıq qarşıdurma ritorikasından “ehtiyatlı diplomatiya”ya keçid kimi qiymətləndirilə bilər. Hətta narahatlıqlar belə bir nəticə hasil etmirdi ki, İran Zəngəzur məsələsinə görə Azərbaycan və ya Ermənistanla birbaşa qarşıdurmaya gedəcək. Əksinə, həm Ermənistan, həm də Azərbaycanla münasibətlərin balanslaşdırması Tehranın da marağında olmalıdır”.

Deputat xatırladıb ki, Azərbaycan və İran “Araz dəhlizi” layihəsini reallaşdırır:

“Bunun tərkib hissəsi kimi Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün açılması car ilin birinci yarısında planlanıb. İran bəyan edib ki, kommunikasiyaların açılması mümkündür, əsas şərt regional sərhədlərin dəyişməməsidir. Ermənistan da yalnız suverenlik çərçivəsində bu prosesə razılığını ifadə edib. Azərbaycan isə regional inteqrasiyanı prioritet kimi irəli sürərək Naxçıvan bölgəsi ilə maneəsiz bağlantınım təmin olunmasında israrlıdır. Bu da göstərir ki, əsas məsələ layihənin hüquqi rejimi və idarə olunma forması ilə bağlıdır. Zəngəzur dəhlizi hansısa mərhələdə Donald Trumpın adı ilə əlaqələndirilsə də, bu layihə geniş məkan üçün geoiqtisadi əhəmiyyətə malik layihə kimi qəbul olunur”.

Milli Məclisin üzvü əlavə edib ki, Zəngəzur layihəsinin reallaşmasına ABŞ faktoru daxil olsa da, bu reallaşmaya dəstək və sabitliyə xidmət edən amil kimi interpretasiya edilir:

“Başqa sözlə, 8 avqust 2025-ci il ABŞ-nin şahidliyi ilə Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan Birgə Bəyannaməsi və 2026-cı ilin yanvarında imzalanan Ermənistan - ABŞ TRİPP Çərçivə sənədindən sonra layihənin reallaşmasını bütün aktorlar qəbul etməyə başlayıb.

Reallıqda ABŞ-nin İran və ümumilikdə Yaxın Şərq siyasətində üçün əsas prioritetlər sırasında İranın nüvə proqramı, ballistik raket proqramı, enerji marşrutlarının sabitliyi, Yaxın Şərqdə təhlükəsizlik kimi məsələlər yer alır. Aktiv ABŞ-İran hərbi əməliyyatlarının sonlandırılması ilə bağlı mümkün ssenarilər arasında qarşıdurmanın diplomatik masa arxasında tənzimlənməsi istisna edilmir. İslam ölkələri kvartetinin, yəni Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin aktual diplomatik vasitəçilik səylərinin əsasında da bu dayanır. Son 10 gündə iki dəfə, Ər-Riyad və İslamabadda bir araya gələn bu kvartetin vasitəçilik missiyası həm də BMT, Aİ və digər aktorlar tərəfindən də dəstəklənir. İran daha praqmatik mövqeyini davam etdirir, Zəngəzur “marşrut” formatında, mərhələli şəkildə həyata keçirilir. Bütün meqa layihələrdə olduğu kimi gecikmə istisna deyil, amma dayanma ola bilməz. Çünki Zəngəzur dəhlizinin taleyi nə ABŞ-İran müharibəsinin nəticəsindən birbaşa asılıdır, nə də bu qarşıdurmanın əsas motivlərindən biridir. Zəngəzur dəhlizi post-münaqişə diplomatiyasının və regional əməkdaşlığın da töhfə verəcəyi layihə kimi reallaşacaq. Bu səbəbdən layihənin taleyini müəyyən edəcək əsas faktor danışıqlar, hüquqi çərçivə və regional konsensusdur”.

Elşad Paşasoy,
Musavat.com

Chosen
36
50
musavat.com

10Sources