EN

ABŞ-də “neft şoku” gözlənilir

İran müharibəsi uzandıqca enerji bazarında risklər böyüyür.

Musavat.com xəbər verir ki, ABŞ administrasiyasında neftin qiymətinin kəskin artması ehtimalı ciddi şəkildə müzakirə olunur.

Məlumata əsasən, Ağ Ev rəsmiləri İranla müharibənin uzanacağı halda neftin qiymətinin barel üçün 150 dollar və ya daha yüksək səviyyəyə çata biləcəyini istisna etmirlər.

ABŞ prezidenti Donald Trampın komandası artıq enerji bazarındakı vəziyyəti yaxından izləyir və qiymət artımının iqtisadi təsirlərini qiymətləndirir. Xəzinə Nazirliyi də administrasiyaya təqdim etdiyi hesabatda neftin yaxın dövrdə 100 dolların üzərində qalacağını “baza ssenari” kimi dəyərləndirir.

Eyni zamanda bəzi daxili müzakirələrdə qiymətlərin hətta 200 dollara qədər yüksələ biləcəyi ehtimalı da nəzərdən keçirilir.

Məlumata görə, bu məsələlər əsasən ABŞ-nin Milli Enerji Dominantlığı Şurası çərçivəsində müzakirə olunur. 

Bununla belə, Ağ Ev rəsmi olaraq belə yüksək qiymət ssenarilərinin müzakirə olunduğunu təkzib edir. 

Ekspertlər qeyd edir ki, müharibənin ilk mərhələsində qiymətlər artıq 40 faizdən çox artıb, lakin əsas təsirin hələ qarşıda olduğu düşünülür. Bunun səbəbi isə müharibə başlamazdan əvvəl yüklənmiş neft ehtiyatlarının bazara çatması idi.

Qeyd olunur ki, İranın Hörmüz boğazı ətrafında neft tanker və gəmilərinə hücumları davam etdirməsi vəziyyəti daha da gərginləşdirir. Məhz bu boğazdan dünya neftinin təxminən 20 faizi daşınır.

Analitiklər hesab edir ki, qiymət artımı davam edərsə, bu, xüsusilə aşağı gəlirli əhali üçün ciddi iqtisadi yükə çevriləcək və ABŞ-də daxili siyasi müzakirələri daha da kəskinləşdirəcək.

Musavat.com

Chosen
54
50
musavat.com

10Sources