EN

Bakıdan Nyu-Yorka: Rüstəm Quliyevin yaradıcılıq yolu və “Oominorun Gəmisi”nin təqdimatı - VİDEO - FOTO

Safarli Gallery-də hazırda ABŞ-da yaşayan və fəaliyyət göstərən istedadlı azərbaycanlı rəssam və yazıçı Rüstəm Quliyevin kitab təqdimatı və illüstrasiya işlərindən ibarət sərgi keçirilib. Tədbir incəsənət, ədəbiyyat və müasir reallığa fərqli müəllif baxışını sevənləri bir araya gətirib.

Qonaqlara müəllifin yeni kitabı - "The Ark of Oominor: A Traveler's Handbook to Another Earth" ("Oominorun Gəmisi. Başqa bir Yerə səyahətçinin bələdçisi") təqdim olunub. Bu əsər onun yaratdığı unikal fantastik kainatın davamı kimi çıxış edir.

Kitaba daxil olan illüstrasiyalardan ibarət ekspozisiya tamaşaçılar üçün təsəvvür, daxili azadlıq və özünü axtarış məkanına vizual səyahətə çevrilib. 40 səhifədən çox olan bu illüstrasiyalı bələdçi müəllif tərəfindən doqquz aydan az müddətdə yaradılıb. Bu bədii dünyada fantastik varlıqlar və ekosistemlər mürəkkəb siyasi, sosial və ekoloji proseslərin alleqoriyası kimi çıxış edir və müəllifin müasir dövrə dair dərin düşüncələrini əks etdirir.

Layihənin təşkilatçısı Sevinc Quliyevanın sözlərinə görə, Rüstəmin yaradıcılığı xüsusi bütövlüyü ilə seçilir: o, ən qeyri-adi varlıqlara belə inandırıcı anatomiya, işlənmiş ekosistem və özünəməxsus mədəni məntiq bəxş edir. Bu, sadəcə illüstrasiyalar deyil - bu, tam qurulmuş bədii kainatlardır.

Rüstəm Quliyevin yaradıcılıq yolu erkən uşaqlıqdan başlayıb. O, iki yaşında atasından aldığı dinozavrlar haqqında kitabla təsəvvür dünyasına ilk addımını atıb. Oxumağa sevgini isə ona nənəsi və anası aşılayıb - onlar hər axşam ona qədim heyvanlar haqqında maraqlı hekayələr oxuyublar.

Onun nənəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbəri olmuş Maisə Rəhimova, nəvəsinin elmə marağını daim dəstəkləyib. Bu mühit onun bədii düşüncəsinin formalaşmasına böyük təsir göstərib.

Uşaq yaşlarından Rüstəm qeyri-adi istedad nümayiş etdirib: o, hər yerdə rəsmlər çəkir, sadə materiallardan obrazlar yaradır, heykəltəraşlıqla məşğul olurdu. Yeniyetməlik dövründə isə yazmağa başlayaraq yaratdığı personajlara həyat verməyə çalışıb.

Onun istedadı erkən yaşlarda beynəlxalq səviyyədə tanınıb: 7 yaşında British Airways tərəfindən təşkil olunan müsabiqənin qalibi olub, 17 yaşında isə Parisdə Viyacelli Gallery-də sərgi keçirərək ilk kitabını təqdim edib.

Ali təhsilini Bilkent Universitetində alan Rüstəm daha sonra Fashion Institute of Technology-də təhsilini davam etdirib və burada da illüstrasiyaları geniş auditoriyaya təqdim olunub.

Müəllimi Nailə Quliyeva qeyd edir ki, Rüstəmi uşaqlıqdan fərqləndirən əsas xüsusiyyətlər onun istedadı, maraq dairəsinin genişliyi və elmi biliklərə olan həvəsi olub.

Hazırda o, xaricdə fəaliyyət göstərsə də, mədəni kökləri ilə bağlılığını qoruyur. Rüstəm Quliyev vurğulayır ki, onun üçün yaradıcılıqda şəxsi və fərdi baxışı qorumaq son dərəcə vacibdir.

Onun sözlərinə görə, texnologiyaların və süni intellektin sürətli inkişafına baxmayaraq, həqiqi incəsənət daxili təcrübənin və düşünülmüş axtarışın nəticəsidir:

"Mən illüstrator, yazıçı və xəyali dünyaların yaradıcısıyam, hazırda Nyu-Yorkda yaşayıram. Mən alimlər ailəsində böyümüşəm və elm ilə folklorun vəhdəti mənim yaradıcılığımı formalaşdırıb. Mən həmişə xəyali dünyalar və varlıqlar yaratmağa maraq göstərmişəm, lakin onları biologiya və anatomiya əsasında qurmağa çalışıram ki, real görünsünlər.

İstər bir illüstrasiya, istərsə də bütöv bir kainat olsun - məqsədim fantastikanı real hiss etdirmək və oxucunun yaddaşında uzun müddət qalmaqdır. Mən saatlarla, günlərlə çalışıram ki, mənalı bir şey yarada bilim. İnkişaf qaçılmazdır, amma sənətçi öz səsini itirməməlidir. Çünki məhz o səs insanların inandığı dünyaları yaradır."

Rüstəm Quliyev hazırda öz yaratdığı kainatı inkişaf etdirməyə davam edir və gələcəkdə kinoda da özünü reallaşdıraraq filmlər üçün ssenarilər yazmağı arzulayır.

Bəlkə də məhz belə sənətkarlar - elmi və mifologiyanı, rasional ilə təxəyyülü birləşdirən yaradıcılar - fantaziyanın reallıqdan qaçış deyil, onu daha dərindən anlama vasitəsinə çevrildiyi yeni mədəni mühiti formalaşdırırlar.

Rəssamın səhifəsi https://www.instagram.com/roojoeus?igsh=dHEycmExbGc3aWdr

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
22
1
milli.az

2Sources