Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası” mövzusunda birgə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Musa Qasımlı, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digərləri bildiriblər ki, 108 il əvvəl daşnak-bolşevik qüvvələri Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədiblər. On minlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri yandırılıb, minlərlə ailə öz doğma yurdlarından didərgin salınıb.
Qeyd olunub ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu sənəd tariximizin qanlı səhifələrinin öyrənilməsi və yadda saxlanılması ilə yanaşı, erməni şovinizmi və terrorunun ifşası baxımından da mühüm əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, 2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Həmçinin dövlət başçısı 2018-ci ildə - soyqırımının 100 illiyi ərəfəsində müvafiq Sərəncam imzalayıb ki, bu da həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasına xidmət edib.
Vurğulanıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində, eləcə də 2023-cü ilin sentyabr hadisələrində qətiyyətlə verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.