EN

Ankarada 3-cü “Roketsan” Strateji Tərəfdaşlıq Zirvəsi keçirilib

Türkiyənin Ankara şəhərində üçüncü “Roketsan” Strateji Tərəfdaşlıq Zirvəsi keçirilib.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, “Roketsan” şirkətini və strateji tərəfdaşlarını bir araya gətirən zirvədə birgə idarəetmə prosesləri və rəqəmsallaşma, dayanıqlılıq, risk idarəçiliyi və innovasiya, təchizat zənciri, milliləşdirmə və keyfiyyət kimi müdafiə sənayesində kritik əhəmiyyət kəsb edən mövzular müzakirə olunub.

“Roketsan”ın baş direktoru Murat İkinci zirvənin açılışında çıxış edərək, ölkələr üçün çəkindiriciliyin əhəmiyyətinə diqqət çəkib: “İçində olduğumuz coğrafiyada ölkəmiz, Prezidentimizin rəhbərliyi altında həm dostlara etibar verən, həm də düşmənlərimizə yüksək çəkindiricilik təsiri olan bir mövqedə durur. Bunun ən vacib hissəsini isə müdafiə sənayemizin həyata keçirdiyi təşəbbüslər təmin edir. Son döyüşlərdə gördük ki, artıq cəbhədə tankların və qısa mənzilli silahların yer aldığı müharibədən daha çox uzun mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, kamikadze dronlar və pilotsuz uçuş aparatlarından atılan sursatların tətbiq olunduğu bir dövrdəyik. Bu dövrdə isə ölkəmizin demək olar ki, bütün dəqiq raket və sursat texnologiyaları ehtiyacını ödəyən “Roketsan”ın strateji əhəmiyyəti getdikcə artır”.

Baş direktor strateji tərəfdaşlarının “Roketsan”ın bütün işlərində oynadığı mərkəzi rola, onlardan gözləntilərə və zirvənin bu baxımdan əhəmiyyətinə toxunub:

““Roketsan”da 2024-cü il üzrə 88 olan biznes tərəfdaşlarımızın sayı bu gün 106-ya çatıb. Biz biznes tərəfdaşlarımızı hazırkı istehsalımızın ən vacib iştirakçıları olduqları üçün “Roketsan” ailəsinin üzvü kimi qəbul edirik. İş həcminə baxdıqda 2024-cü ildə biznes tərəfdaşlarımız vasitəsilə əldə etdiyimiz məhsulların ümumi dəyəri 665 milyon dollar idisə, 2025-ci ildə bu rəqəm 1 milyard dollara yaxınlaşıb. Əslində, “Roketsan”ın həyata keçirdiyi təchizatın təxminən yarısı bu gün zirvəyə qatılmış biznes tərəfdaşlarımız vasitəsilə təmin olunur”, – deyə M.İkinci vurğulayıb.

Dəyər yaratmaq və beynəlxalq rəqabətə yönəlmiş addımlar atmaq yolunda “Roketsan”ın biznes tərəfdaşlarına sonsuz dəstək verəcəyini söyləyən baş direktor, rəqəmsal transformasiya və dayanıqlılığın şirkət üçün ən vacib mövzular arasında olduğunu bildirib.

O, “Roketsan” şirkətinin strateji biznes tərəfdaşlardan gözləntilərini də dilə gətirib: “Biznes tərəfdaşlarımızdan risklərini idarə etmələrini, çevik hərəkət etmələrini və innovasiyanı əsas anlayış olaraq gündəmlərində saxlamalarını gözləyirik. Onlardan xahişimiz işlərinə və öz yatırımlarına yenidən baxıb çatışmazlıqları aradan qaldırmalarıdır. Həm dövlətimiz, həm də beynəlxalq istifadəçilərimiz bizdən çox yüksək çatdırılma performansı gözləyir.

Bu gün ixrac potensialımız 92 faizdən yüksəkdir. Əslində, hazırkı istehsal və çatdırılmalarımızın qat-qat artacağı bir dövrə daxil oluruq. Bu dövrdəki investisiyalar və vaxtında çatdırılma performansı bizim üçün çox kritikdir. Bunun üçün də istehsal gücünün artırılmasına ehtiyac var. Bugünkü zirvədə müzakirə olunan əsas mövzulardan biri də budur”.

“Roketsan”ın əldə etdiyi gəlirləri infrastruktur və seriyalı istehsal qabiliyyətinə yönəltdiyini söyləyən M.İkinci, yaxın gələcəkdə həcm artımları ilə bağlı yeni inkişafların ictimaiyyətlə paylaşılacağını bildirib.

O vurğulayıb ki, istehsal həcminin artırılması bir çox sistemdə öz təsirini göstərəcək: “Bu mövcud infrastrukturlara əlavə olaraq həyata keçirdiyimiz həcm artımları ilə yalnız TAYFUN ballistik və SOM qanadlı raketləri deyil, həmçinin ATMACA, SİPER, HİSAR və digər bütün sistemlərin istehsal həcmlərinin artdığını görəcəyik”.

SİPER-2 tutucu raketi ilə bağlı suala cavab verən baş direktor, sistemin inkişaf prosesinin davam etdiyini və seriyalı istehsala keçidin hədəfləndiyini qeyd edib: “SİPER-2, TÜBİTAK SAGE tərəfindən dizayn edilmiş bir raketdir. İnşallah biz də istehsalda biznes tərəfdaşı olaraq iştirak edəcəyik”.

O qeyd edib ki, SİPER-2, SİPER ailəsinin ən yüksək səviyyəli raketləri arasında yer alacaq. Hazırda isə sınaqlar davam edir və ən qısa zamanda seriyalı istehsal mərhələsinə çatmaq hədəflənir.

Baş direktor HHM qabiliyyətlərinin inkişafına yönəlmiş işlərin yalnız SİPER ilə məhdudlaşmadığını bildirərək, “Polad Qübbə” arxitekturası çərçivəsində bütün komponentlər, o cümlədən HİSAR və SUNGUR ailələri ilə yeni nəsil raket sistemlərində qabiliyyət artırma işlərinin davam etdiyini söyləyib.

Mövcud sistemlərə yeni sensorlar və əlavə qabiliyyətlər qazandırmağa davam edəcəklərini vurğulayan M.İkinci, SİPER ailəsinə gələcəkdə yeni üzvlərin də daxil ediləcəyini bildirib.

Chosen
35
poliqon.az

1Sources