EN

Utilizasiya: 1300-ə yaxın vətəndaş güzəştli şərtlərlə yeni avtomobil alıb

İstismar müddətini başa vurmuş köhnə avtomobillərin ətraf mühiti çirkləndirməsi qlobal bir problemdir. Bəzi ölkələr bu zərəri minimuma endirmək üçün müxtəlif layihələr icra etsələr də, ən səmərəli çıxış yolu məhz utilizasiyadır.

Mütəxəssislərin fikrincə, utilizasiya həm ekoloji təmizlik, həm də yol hərəkəti təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Köhnə nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması zərərli qaz emissiyalarını azaldır və tullantıların təkrar emalına şərait yaradır. Digər tərəfdən, texniki vəziyyəti zəif olan avtomobillərin yollardan kənarlaşdırılması qəza risklərini azaldaraq sürücü və piyadaların təhlükəsizliyini təmin edir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Köhnə avtomobil sahibləri öz nəqliyyat vasitələrini hansı güzəştlərlə utilizasiyaya təhvil verə bilərlər?

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu  barədə prosesin operator qurumu olan “Təmiz Şəhər” ASC açıqlama verib.

24 minə yaxın nəqliyyat vasitəsi utilizasiya olunub

Sürətli sənayeləşmə və texnoloji inkişaf nəqliyyat vasitələrinin sayını kəskin artırıb. Bununla paralel olaraq, hər il ölkəmizdə köhnəlmə və qəzalar nəticəsində minlərlə avtomobil istifadəyə yararsız hala düşür. Statistikaya görə, hazırda respublikadakı hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Sözsüz ki, texniki cəhətdən köhnəlmiş belə nəqliyyat vasitələri ətraf mühitə zərər verdiyi üçün, insan sağlamlığına da təsirsiz ötüşmür. Bu problemin ən effektiv həlli olan utilizasiya prosesinə 1 ildən çoxdur start verilib. 2024-cü ilin oktyabrından bu günədək 23 922-dən çox nəqliyyat vasitəsi utilizasiyaya cəlb edilib və bu rəqəm günbəgün artmaqdadır.

Gəncədə utilizasiyaya verilən avtomobillərin sayı 4 mini ötüb

“Təmiz Şəhər” ASC-nin məlumatına görə, hazırda ölkəmizdə müəyyən edilmiş standartlara cavab verən 4 utilizator var. Ən son bu ilin martında “Təmiz Şəhər” ASC bu xidməti Sumqayıtda göstərmək üçün “EcoMetal” şirkətini reyestrdə qeydiyyata alıb. Bir sözlə, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə Bakı, Gəncə və Abşeron ilə yanaşı, artıq Sumqayıt şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunur. Ötən ilin iyun ayından etibarən fəaliyyətə başlayan Gəncədəki məntəqədə qısa müddət ərzində kifayət qədər nəqliyyat vasitəsi utilizasiyaya cəlb edilib. Belə ki, Gəncə şəhəri və ətraf rayonlardan edilən müraciətlərə əsasən, 4 500-dən çox avtomobil könüllülük prinsipi əsasında qəbul edilərək dövriyyədən çıxarılıb.

Yollardan utilizasiyaya: sadə və sürətli keçid

Nəqliyyat vasitələrinin utilizasiya prosesini sadələşdirmək üçün xüsusi elektron portal istifadəyə verilib. Prosedura əsasən, ilk növbədə avtomobil qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Ardınca zəruri məlumatlar elektron portal (nvu.gov.az) vasitəsilə sistemə daxil edilir və ərizəçiyə göndərilən bildiriş əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə çatdırılır. Utilizasiya prosesi başa çatdıqdan sonra sürücüyə təsdiqedici sənəd verilir. Məhz bu sənəd vasitəsilə vətəndaşlar ya birdəfəlik ödəniş hüququ qazanır, ya da yeni yerli avtomobil alışı üçün güzəşt əldə edirlər.

Yerli istehsala dəstək

Nəqliyyat vasitələrinin utilizasiyası tamamilə könüllülük prinsipi ilə həyata keçirilir və heç bir məcburi xarakter daşımır. Bu proses yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması və yerli avtomobil istehsalının stimullaşdırılması kimi üç əsas hədəfə xidmət edir. Utilizasiya zamanı avtomobil sahiblərinə iki seçim imkanı yaradılır. Onlar ya yeni yerli avtomobil alışı üçün nəzərdə tutulan tam güzəşt məbləği, ya da həmin məbləğin 70 faizi həcmində birdəfəlik nağd pul vəsaiti alırlar. Göstəricilər prosesin geniş maraq doğurduğunu təsdiqləyir. Belə ki, indiyədək 1286 vətəndaş utilizasiyadan sonra güzəştli şərtlərlə yeni yerli avtomobil sahibi olub. Digər seçimə üstünlük verən sürücülərə isə 1 milyon manatdan çox vəsait ödənilib.

Güzəşt və birdəfəlik ödəniş məbləğləri

“Təmiz Şəhər” ASC-nin məlumatına əsasən, ölkədə köhnə avtomobil sahibləri istifadəyə yararsız nəqliyyat vasitələrini təhvil verərək, müvafiq təsnifatlara uyğun təsdiqedici sənəd əldə edirlər. Yeni nəqliyyat vasitəsinin alışı zamanı güzəşt və ya nağd birdəfəlik ödəniş vətəndaşın öz seçimidir.

Güzəşt məbləği və ya birdəfəlik ödəniş nəqliyyat vasitəsinin təsnifatına uyğun olaraq seçilir. Məsələn, M1 təsnifatındakı minik avtomobilləri və sərnişindaşımada istifadə olunan, sürücü oturacağından əlavə 8-dən çox yeri olmayan nəqliyyat vasitələrinin sahibləri 1 500 manat güzəşt məbləği və ya bu məbləğin 70 faizi həcmində (1 050 manat) birdəfəlik ödəniş alırlar. Mikroavtobuslar (9–20 nəfərlik), 3,5–12 ton arası yük maşınları və traktorlar üçün 2 000 manat güzəşt məbləği və ya bu məbləğin 70 faizi həcmində (1 400 manat) birdəfəlik ödəniş nəzərdə tutulub. Böyük avtobuslar, 12 tondan ağır yük maşınları, eləcə də ekskavator və yükləyici kimi tikinti texnikasına gəlincə isə maksimum 3 000 manat güzəşt məbləği və ya bu məbləğin 70 faizi həcmində (2 100 manat) birdəfəlik ödəniş almaq mümkündür.

Qeyd edək ki, vətəndaş güzəşt məbləğini yeni yerli istehsal olan avtomobilin alınması üçün istifadə edə bilər. Alternativ olaraq, bu variantdan imtina etdikdə, göstərilən məbləğin 70 faizi vətəndaşın bank hesabına köçürülür. Birdəfəlik ödənişi seçən avtomobil sahibləri “Təmiz Şəhər”ə müraciət etdikdən sonra vəsait 30 iş günü ərzində onların bank hesabına köçürülür. (Vergiler.az)

Chosen
2
fed.az

1Sources