EN

TRAMP MÜHARİBƏNİ BİTİRİR VƏ QAÇMAĞA HAZIRLAŞIR ABŞ nin İrandan çəkilmə planı AÇIQLANDI

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətində kəskin dönüş etməyə və müharibədə geri addım atmağa hazır hazırlaşdığı görünür. Bu prosesin qlobal nəticələrini isə müttəfiqlərin üzərinə buraxa biləcəyi ilə bağlı qiymətləndirmələr güclənir.

"AzPolitika" xəbər verir ki, ABŞ mətbuatının, xüsusilə CNN-in məlumatına görə, Vaşinqton administrasiyası müharibənin “missiya tamamlandı” arqumenti ilə çıxmağı və bununla da əslində, uğursuz geosiyasi strategiyanı ört-basdır etmək planı hazırlayır.

Avropalı müttəfiqlər isə əvvəldən bu müharibəyə tam dəstək vermədiklərini bildirərək həm prosesdən kənarda saxlandıqlarını, həm də beynəlxalq hüququn pozulduğunu qeyd ediblər. Tramp bu tənqidlərə sərt cavab verərək enerji təminatı məsələsində “hər kəs öz başının çarəsinə baxsın” mesajı verib.

Tramp bildirib ki, müharibə 2–3 həftə ərzində bitə bilər və Hürmüz Boğazı ilə bağlı məsuliyyət ABŞ-ın üzərində olmayacaq.

Məsələnin ən kritik tərəfi də  mıəhz  Hürmüz Boğazı ətrafında formalaşan yeni reallıqdır. Dünya neft ticarətinin böyük hissəsinin keçdiyi bu strateji nöqtədə yaranacaq güc boşluğu neft qiymətlərinin kəskin artımına, qlobal inflyasiya təzyiqinə, yeni iqtisadi böhran riskinə səbəb ola bilər.

Əgər bu ssenari baş versə, İran strateji üstünlük əldə edə bilər. Belə ki, boğazdan keçən neft tankerlərindən ödəniş tələb etməklə həm iqtisadi, həm də hərbi gücünü artırmaq imkanına sahib olacaq.

ABŞ daxilində də ritorikanın dəyişdiyi müşahidə olunur. Müdafiə naziri Pete Hegseth “rejim dəyişikliyi baş verdi” desə də, İranda mövcud hakimiyyətin qalması bu iddiaları şübhə altına alır. İran daxilində mövcud siyasi sistem qalmaqdadır və bu, Vaşinqtonun əsas hədəfinə çatmadığını göstərir.

Tramp isə ABŞ-ın İrandan tezliklə çıxacağını bildirərək əsas məqsədin – İranın nüvə silahı əldə etməsinin qarşısını almağın – yerinə yetirildiyini iddia edib.

Ekspertlərə görə, bu vəziyyət Trampın istədiyi nəticəni əldə edə bilmədiyini və nəzarətli çıxış axtardığını göstərir. 

Bu isə klassik bir ssenarini xatırladır: siyasi rəhbərlik geri çəkilməni “qələbə” kimi təqdim etməyə çalışır.

Bu çıxışın qlobal təsirləri isə ciddi ola bilər. Hürmüz Boğazı üzərində nəzarətin dəyişməsi dünya üzrə neft qiymətlərini artıraraq iqtisadi böhran riskini gücləndirə bilər.

Bundan əlavə, ABŞ və Avropa arasında münasibətlərdə gərginlik artmaqdadır. ABŞ Dövlət katibi Marco Rubio müttəfiqlərin dəstək verməməsini “məyusedici” adlandırıb və NATO öhdəliklərinin yenidən qiymətləndirilə biləcəyini bildirib.

Əslində isə ABŞ-nin birtərəfli qərarları Avropa ilə münasibətlərdə ciddi çatlar yaradıb. Avropa ölkələri müharibədə iştirak etməsələr də, nəticələrinin yükünü daşımağa məcbur qalırlar.

Bu isə iki mühüm nəticəyə gətirib çıxarır:

-NATO daxilində etimad böhranı dərinləşir

-Avropanın təhlükəsizlik arxitekturası yenidən düşünülür

Tramp administrasiyasının əsas xətti aydın görünür: müharibənin siyasi və iqtisadi məsuliyyətini qlobal sistemə ötürmək.

Bu strategiya isə qısa müddətdə ABŞ üçün taktiki üstünlük yaratsa da, uzunmüddətli perspektivdə:

-beynəlxalq liderlik mövqeyinin zəifləməsi,

-müttəfiqlərlə münasibətlərin korlanması,

-rəqib güclərin (xüsusilə İran və digər regional aktorların) mövqelərinin güclənməsi

ilə nəticələnə bilər.

İran ssenarisi göstərir ki, müasir geosiyasətdə hərbi müdaxilə ilə əldə olunan nəticələr davamlı olmur. ABŞ-ın mümkün geri çəkilməsi isə sadəcə regional deyil, qlobal miqyasda yeni risklər dalğası yaradır.

Əsas sual isə açıq qalır: Vaşinqton meydanı tərk edərkən yaranacaq boşluğu kim dolduracaq – və bunun bədəlini kim ödəyəcək?

Elman

"AzPolitika. info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
50
azpolitika.info

10Sources