EN

İqtisadçı Əli Səlimov: Azərbaycan Avropaya enerji təminatında yalnız alternativ deyil, etibarlı və strateji tərəfdaş kimi çıxış edir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“İran, İsrail və ABŞ arasında həftələrdir davam edən müharibə beynəlxalq enerji bazarlarını sarsıtmaqla yanaşı Avropada enerji təhlükəsizliyi məsələlərini də prioritet mövzuya çevirib. Regionun neft və qaz ehtiyatlarında böyük paya sahib olması, həmçinin əsas nəqliyyat marşrutlarının risk altında qalması, beynəlxalq təchizat zəncirlərində qeyri-müəyyənliyi artırıb. Neft qiymətləri cari dövrdə 95–105 ABŞ dolları aralığında dəyişir. Bu isə Azərbaycan Respublikasının 2026-cı ilin büdcəsində neftin qiymətinin 65 dollar hesablanması ilə müqayisədə əlavə gəlir və büdcə manevr imkanları deməkdir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanın enerji siyasəti uzun illərdən bəri beynəlxalq enerji bazarında etibarlı enerji təchizatçısı kimi mövqeyini gücləndirməyə yönəlib: “Cənub Qaz Dəhlizi bu siyasətin əsas komponentidir və ölkənin qazının təhlükəsiz, fasiləsiz və birbaşa çatdırılmasını təmin edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın qaz ixracı Avropa ölkələrinə 2021-ci ildə təxminən 8 milyard kubmetr olsa da, 2025-ci ildə bu göstərici artıq 12,8 milyard kubmetri keçib və yaxın illərdə 20 milyard kubmetr hədəflənir. Bu artım, həmçinin Avropanın enerji mənbələrini şaxələndirməsi siyasəti ilə üst-üstə düşür və Azərbaycanın strateji əhəmiyyətini artırır”.

Əli Səlimov

İqtisadçı hesab edir ki, Avropa dövlətlərinin enerji siyasətində alternativ mənbələrə yönəlməsi, xüsusilə Rusiya qazına asılılığın azaldılması, Azərbaycanın rolunu daha da önə çıxarıb: “Enerji bazarında qeyri-sabitliyin davam etdiyi bir dövrdə sabit siyasi mühit və möhkəm infrastruktur önəmli amillərdəndir. Azərbaycan isə hər iki kriteriyada uzunmüddətli perspektivdə Avropaya etibarlı tərəfdaş olma potensialını nümayiş etdirib. Bu, ölkənin yalnız iqtisadi fayda əldə etməsi deyil, həm də enerji diplomatiyası sahəsində strateji mövqeyini möhkəmləndirməsi deməkdir.

Azərbaycanın enerji siyasəti yalnız ixrac həcminin artırılmasından ibarət deyil. Ölkənin uzunmüddətli müqavilələr və əməkdaşlıq şəbəkələri Avropaya davamlı enerji təminatını möhkəmləndirir, bu da Azərbaycanı regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeləndirir. Enerji siyasətindəki bu həm də ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı beynəlxalq enerji bazarında manevr imkanlarını genişləndirir”.

Əli Səlimov vurğulayıb ki, Yaxın Şərqdə baş verən müharibə Azərbaycanı Avropa üçün etibarlı enerji tərəfdaşı rolunu möhkəmləndirmək imkanı yaradıb, lakin bunun üçün həm regional risklərin, həm də beynəlxalq bazar qeyri-müəyyənliklərinin diqqətlə idarə olunması vacibdir: “Azərbaycan Avropaya enerji təminatında yalnız alternativ deyil, etibarlı və strateji tərəfdaş kimi çıxış edir. Bu rolun gələcəkdə daha da dərinləşəcəyi və Azərbaycanın beynəlxalq enerji bazarında təsir imkanlarını artıracağını qeyd etmək olar”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
icma.az

1Sources