EN

Sona çatan 24 illik həsrət Bundan öncə isə… KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə milli futbol komandası dünya futbolunun ən möhtəşəm səhnəsinə — Dünya Çempionatına (DÇ) geri dönür. Tam 24 illik intizardan sonra “Ay-ulduzlular”ın yenidən bu turnirdə vəsiqə qazanması həm Türkiyədə, həm də bütün türk dünyasında böyük coşğu ilə qarşılanır.

Futbolun nəbzinin vurduğu bu günlərdə Türkiyənin DÇ tarixinə qısa, lakin maraqlı bir nəzər salaq.

KONKRET.az xəbər verir ki, bu günə qədər Türkiyə millisi cəmi iki dəfə Dünya Çempionatında iştirak edib. Lakin hər iki iştirak özünəməxsus dramatik və tarixi hadisələrlə yadda qalıb.

1954-cü il: İsveçrədə ilk addımlar

Türkiyə millisi Dünya Çempionatına ilk dəfə 1954-cü ildə qatılıb. Həmin vaxt vəsiqə qazanmaq heç də asan olmayıb. Seçmə mərhələdə İspaniya ilə qarşılaşan Türkiyə, ilk oyunda 4:1 hesabı ilə uduzsa da, cavab oyununda 1:0 qalib gəlib. O dövrün qaydalarına görə, top fərqi nəzərə alınmadığı üçün tərəflər bitərəf meydanda — Romada təkrar qarşılaşıblar. Oyun 2:2 hesabı ilə bitdikdə, qalibi püşk müəyyən edib. İtalyan bir uşağın çəkdiyi püşk Türkiyəni İsveçrəyə, dünya çempionatına aparıb.

Nəticədə, Türkiyə qrupda Cənubi Koreyanı 7:0 hesabı ilə darmadağın etsə də, gələcək çempion Qərbi Almaniyaya uduzaraq turnirlə erkən vidalaşıb.

2002-ci il: Cənubi Koreya və Yaponiyada “Bürünc” möcüzə

48 illik fasilədən sonra Şenol Günəşin rəhbərliyi altında Türkiyə millisi 2002-ci il DÇ-yə vəsiqə qazandı. Bu turnir Türkiyə futbol tarixinin ən parlaq səhifəsidir. Braziliya, Kosta-Rika və Çin ilə eyni qrupda yer alan millimiz, inanılmaz bir yol keçərək yarımfinala qədər yüksəldi.

Tarixi anlar: İlhan Mansızın Seneqala vurduğu “qızıl qol”, Hakan Şükürün Cənubi Koreya ilə üçüncülük matçında 11-ci saniyədə vurduğu (DÇ tarixinin ən sürətli qolu) qol unudulmazlar sırasındadır.

Nəticə olaraq, Türkiyə dünya üçüncüsü olaraq bürünc medalları qazandı və bütün dünyanı özünə heyran qoydu.

24 illik fasilə: Yeni nəsil, yeni ümidlər

2002-ci ildən bəri Türkiyə bir neçə dəfə Avropa Çempionatlarında (2008-də yarımfinal daxil olmaqla) uğur qazansa da, Dünya Çempionatının qapıları sanki üzümüzə bağlanmışdı. Bu gün qazanılan bu uğur təkcə bir idman nailiyyəti deyil, həm də uzunmüddətli sistemli işin bəhrəsidir.

24 il əvvəl Türkiyənin qazandığı dünya üçüncülüyü zamanı hələ doğulmayan gənclər, bu gün milli komandanın heyətində yeni tarix yazmağa hazırlaşırlar. İndi bütün gözlər meydandadır — görək “Bizim uşaqlar” 2002-ci ilin qəhrəmanlığını təkrarlaya, bəlkə də daha irəli gedə biləcəklərmi?

Zaman Türkiyəmizin xeyirinə işləsin!

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
konkret.az

2Sources