EN

Məhkəmə nəvəsini döyərək yerdə sürüyən nənə ilə bağlı qərar verdi

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zəminə Dəmirçiyevanın (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib və o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə görə, Zəminə Dəmirçiyeva təyin edilən 1000 manat miqdarında cərimə cəzasından azad olunub.

 

İttihama görə, hadisə 29 iyun 2024-cü il tarixdə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1961-ci il təvəllüdlü Zəminə Dəmirçiyeva evdə toplanmış zibili qızının otağı qarşısına atması səbəbindən 18 yaşlı nəvəsi, zərərçəkmiş Səmayə Dəmirçiyeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman qadın nəvəsinin saçından tutub yerə yıxaraq başını yataq otağının qapısına vurub, yerə tökülmüş şüşə qırıntılarının üzərində sürüyüb.

 

Hadisədən sonra Zəminə Dəmirçiyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Xətai Rayon Məhkəməsinin hökmü ilə ona 1000 manat məbləğində cərimə cəzasının təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 2 Aprel 2026, 08:03   
Chosen
58
pravda.az

1Sources