İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Merkezi səhnəsində Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert baş tutub.
Doğru.az xəbər verir ki, tədbir bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində keçirilib. Layihə müxtəlif illərdə yazılmış əsərlərin vahid bədii konsepsiya ilə təqdim olunduğu xüsusi musiqi silsiləsidir. İstanbul konsertində bu silsilə üzrə 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının müxtəlif mərhələlərini əhatə edib.
Layihə daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində də uğurla təqdim olunub. Gecədə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri ifa edib, orkestrə Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov rəhbərlik edib.
Konsertdə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner və tanınmış sənətçi Levent Yüksel çıxış ediblər. Gecənin kulminasiya nöqtəsi bəstəkarın məşhur Bayatılar əsərinin səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə tanınan əsər Levent Yükselin ifasında böyük alqışlarla qarşılanıb.
Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tamaşaçılara təşəkkür edib. İstanbulda keçirilən bu tədbir bəstəkarın yaradıcılığına beynəlxalq marağın növbəti təsdiqi kimi qiymətləndirilir və Azərbaycan–Türkiyə mədəni əlaqələrinin güclənməsinə töhfə verən əlamətdar hadisə kimi yadda qalıb.
DOĞRU.AZ
