EN

Cevdet Yılmaz: Türkiyə və Azərbaycanın Ermənistanla sərhədlərinin açılması sülhün konkret nəticələrindən biri olacaq – MÜSAHİBƏ

Heftelik.az Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın APA-ya müsahibəsini təqdim edir

– Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşünün gündəliyində hansı məsələlər yer alır?

– Azərbaycanın Baş naziri, dəyərli qardaşım Əli Əsədovun ev sahibliyi ilə keçiriləcək görüşdə regional və qlobal çağırışlar qarşısında Türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Bu çərçivədə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsinə yönəlmiş konkret addımlar, eləcə də nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, xüsusilə Trans-Xəzər Orta Dəhlizin rəqəmsal inteqrasiyası və bağlantının artırılması əsas prioritet mövzular sırasındadır. Bundan əlavə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və TDT Zirvə toplantılarında verilən tapşırıqların daha effektiv həyata keçirilməsinə dair təkliflər də nəzərdən keçiriləcək. Görüşdə aktual məsələlər müzakirə olunacaq və birgə bəyanat qəbul ediləcək.

TDT sabitliyi dəstəkləyən, etibarlı və effektiv əməkdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir

– TDT günün çağırışlarına və yaranan risklərin qarşısını almağa hazırdırmı?

– TDT intensiv məsləhətləşmə və koordinasiya mexanizmləri sayəsində günümüzün çoxşaxəli risklərinə qarşı həm siyasi iradə, həm də institusional potensial baxımından daha hazırlıqlı bir quruma çevrilməkdədir. Zirvə toplantıları və nazirlər səviyyəsində keçirilən görüşlər sürətli və effektiv qərar qəbul etmə proseslərini dəstəkləyir. Son olaraq İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası bu birgə fəaliyyət iradəsini konkret şəkildə nümayiş etdirib. Liderlərimizin nümayiş etdirdiyi güclü baxış və institusional potensialın inkişafı ilə birlikdə TDT artıq sadəcə məsləhətləşmə platforması olmaqdan çıxaraq, konkret nəticələr yaradan və regional-qlobal səviyyədə gündəm müəyyən edə bilən bir aktora çevrilir. Bu çərçivədə TDT sabitliyi dəstəkləyən, etibarlı və effektiv əməkdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir. Xüsusilə regional səviyyədə institutların və qaydaların zəiflədiyi bir mühitdə TDT kimi regional təşkilatlar risklərə və qeyri-müəyyənliklərə qarşı daha çox ön plana çıxır.

Bu qarşıdurma yalnız Yaxın Şərqlə məhdudlaşmır, Türk dünyası baxımından da çoxşaxəli təsirlər yaradır

– Türkiyənin ətrafında bir çox “barıt çəlləyi”nin yarandığı məlumdur. Bir tərəfdə Rusiya–Ukrayna müharibəsi, digər tərəfdə isə ABŞ-İsrail və İran qarşıdurması var. Türkiyə bu qarşıdurmaların aradan qaldırılması üçün Ukrayna, Rusiya və İranla hansı işləri görür? ABŞ, İsrail və İran arasında baş verən müharibə Türk dünyası üçün hansı riskləri yaradır?

 ABŞ-İsrail və İran qarşıdurmasının uzanması dağıntıları artırmaqdadır, bunun mənfi təsirləri dərinləşir. Humanitar itkilərlə yanaşı, iqtisadi və ekoloji xərclər də artır. Türkiyə olaraq bu risklərin qarşısının tezliklə alınması üçün atəşkəsin təmin edilməsi, sabitliyin yenidən bərpası və davamlı sülh üçün diplomatiya və danışıqları ön planda tutan intensiv təmaslarımızı davam etdiririk. Bütün tərəflərlə bu istiqamətdə əlaqədəyik.

Bu qarşıdurma yalnız Yaxın Şərqlə məhdudlaşmır, Türk dünyası baxımından da çoxşaxəli təsirlər yaradır. Mövcud münaqişələr enerji təhlükəsizliyindən ticarət yollarına, təhlükəsizlikdən miqrasiya axınlarına qədər müxtəlif risklər daşıyır. Regional qeyri-sabitlik terror təşkilatları üçün də imkan yarada bilər, eyni zamanda, nüvə riskləri və logistika problemləri də qlobal təsirlərə səbəb ola bilər. Buna görə əsas prioritetimiz gərginliyin artmasının qarşısının alınması və diplomatiyaya qayıdışın təmin edilməsidir.

İranda yarana biləcək qeyri-sabitlik mühiti PKK/PJAK kimi terror təşkilatları üçün imkan yarada və yeni sərhəd təhlükəsizliyi riskləri doğura bilər

– Bu müharibə “Terrorsuz Türkiyə” hədəfinə nail olmağı çətinləşdirə bilərmi?

– İranda yarana biləcək qeyri-sabitlik mühiti PKK/PJAK kimi terror təşkilatları üçün imkan yarada və yeni sərhəd təhlükəsizliyi riskləri doğura bilər. Separatçılıq və parçalanma ssenarilərinin yenidən gündəmə gətirilməsinə qarşıyıq və bölgədə davamlı düşmənçilik yaradacaq, hər kəsin ziyanına olacaq proseslərə qətiyyən imkan verməyəcəyik. Türkiyə terrorla mübarizədə uzunmüddətli, ardıcıl və qətiyyətli strategiyası ilə mühüm uğurlar əldə edib. Bu gün də “Terrorsuz Türkiyə” hədəfi ilə milli birliyimizi, qardaşlığımızı və ortaq gələcək vizyonumuzu daha da möhkəmləndiririk. İmperilaist planlara qarşı daxili cəbhəmizi gücləndirir, demokratiya və inkişaf yolunda irəliləyirik.

– Azərbaycan–Türkiyə münasibətlərinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

– Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə–Azərbaycan münasibətləri “Bir millət, iki dövlət” anlayışı çərçivəsində qarşılıqlı etimad, səmimiyyət və ortaq vizyon əsasında bütün sahələrdə inkişaf edir. Liderlərimiz arasındakı yaxın münasibətlər bu prosesi daha da möhkəmləndirir. Dost və qardaş Azərbaycanla münasibətlərimizi siyasi, iqtisadi, hərbi və mədəni sahələrdəki əməkdaşlıq, həmçinin enerji, nəqliyyat və müdafiə layihələri ilə dəstəkləyirik. Beynəlxalq platformalarda nümayiş olunan həmrəylik bu münasibətləri daha davamlı və strateji bir müstəviyə daşıyır. Qlobal və regional məsələlərdə bir-birinin hüquq və maraqlarını qətiyyətlə müdafiə edən Türkiyə–Azərbaycan münasibətləri təkcə qardaşlıq və dostluq əsasında yox, eyni zamanda, dərin strateji tərəfdaşlıq və sarsılmaz müttəfiqlik üzərində qurulub və regional sabitlik və əməkdaşlıq baxımından da mühüm bir model təşkil edir.

– Bundan əvvəl Azərbaycana səfəriniz zamanı imzalanan 110 maddəlik yeni Fəaliyyət Planı hansı sahələrdə yenilik və inkişafa səbəb olacaq?

– Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının 12-ci iclasında imzalanan 110 maddəlik Fəaliyyət Planı iki ölkə arasında ticarət və iqtisadi münasibətlərin gələcəyini müəyyənləşdirən genişmiqyaslı yol xəritəsi olub, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri konkret hədəflər və ölçülə bilən addımlarla yeni səviyyəyə yüksəldir. Fəaliyyət Planı təhsil, səhiyyə, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur başda olmaqla geniş sahələrdə iki ölkənin qurumları arasında koordinasiyanı gücləndirməyi hədəfləyir. Bu çərçivədə Fəaliyyət Planında Naxçıvan Muxtar Respublikasının inkişafına dəstək verilməsi, üçüncü ölkələrdə investisiya və xidmət ticarəti sahəsində əməkdaşlığın təmin olunması, Azərbaycanın Yeni Kompüterləşdirilmiş Tranzit Sistemə inteqrasiyası üçün Birgə İşçi Qrupunun yaradılması, birgə sənaye təlim mərkəzlərinin qurulması kimi konkret addımlar yer alır. Sözügedən Fəaliyyət Planının əsas məqsədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqdır. Bu strateji uyğunlaşma hər iki ölkənin – Azərbaycan və Türkiyənin regional istehsal və cazibə mərkəzinə çevrilməsinə şərait yaradacaq.

– Azərbaycan ilə Türkiyə arasında ticarətin asanlaşdırılması üçün hansı addımların atılması planlaşdırılır?

– İki ölkə arasında ticarətin asanlaşdırılması məqsədilə gömrük prosesləri və logistika sahəsindəki məsələlər müxtəlif platformalarda müzakirə olunur. Sadələşdirilmiş Gömrük Xətti bu səylərin mühüm nümunələrindən biridir. Bundan əlavə, Bakı–Tbilisi–Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və müxtəlif sahələrdə ticarətin şaxələndirilməsi planlaşdırılır. Forumlar və rəqəmsal platformalar vasitəsilə xüsusilə kənd təsərrüfatı–ərzaq, tekstil, tikinti materialları və makina kimi sektorlar üzrə ticarətin genişləndirilməsi hədəflənir.

Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması regional ticarət və investisiya axınlarının sürətlənməsi, şaxələndirilməsi və ölkəmizin region ölkələri ilə ticarət həcmi hədəflərinə çatmasına güclü təsir göstərəcək

– Zəngəzur Dəhlizinin Türkiyə–Azərbaycan–Orta Asiya xəttində ticarət və logistika baxımından açılması hansı konkret faydaları təmin edəcək?

– Zəngəzur Dəhlizi ilə Naxçıvanla Azərbaycan arasında birbaşa quru bağlantısı təmin olunacaq və bununla da Türkiyə və Azərbaycan arasında fasiləsiz nəqliyyat əlaqəsi mümkün olacaq. Bu çərçivədə ölkəmizin türk respublikaları ilə birbaşa avtomobil yolu əlaqəsi qurulmuş olacaq. Bütün bunların fonunda Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması regional ticarət və investisiya axınlarının sürətlənməsi, şaxələndirilməsi və ölkəmizin region ölkələri ilə ticarət həcmi hədəflərinə çatmasına güclü təsir göstərəcək. Digər tərəfdən, Türk dünyasının dünya ilə ticarətinə müsbət təsir etməklə yanaşı, Zəngəzur Dəhlizinin açılması ilk növbədə ölkəmizlə Ermənistan arasında normallaşma prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin də sağlam şəkildə irəliləməsinə, ticarətin birləşdirici gücü vasitəsilə regional iqtisadi əməkdaşlıq və inteqrasiyanın dərinləşməsinə müsbət təsir göstərəcək. Bu isə orta və uzun müddətdə Cənubi Qafqaz regionunda iqtisadi inkişafı və sabitliyin möhkəmlənməsini təşviq edəcək.

– İki ölkə arasında bərpa olunan enerji mənbələri – yaşıl enerji, külək və günəş enerjisi sahəsində gündəmdə olan ortaq layihələr varmı?

– Türkiyə ilə Azərbaycan arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq konkret layihələrlə daha irəli mərhələyə qədəm qoyub. İnterkonnektivlik layihələri və yaşıl enerji dəhlizinin yaradılması, elektrik ticarətinin inkişafı, infrastrukturun gücləndirilməsi kimi təşəbbüslər enerji təchizatı təhlükəsizliyini möhkəmləndirəcək strateji addımlar kimi ön plana çıxır.

Regional elektrik ticarəti layihələri və birgə işçi qrupları vasitəsilə texniki əməkdaşlıq, investisiya hazırlıqları və məlumat mübadiləsi davam etdirilir. Bu proses iki ölkənin enerji transformasiyası hədəflərinə xidmət etməklə yanaşı, regional enerji təhlükəsizliyini və iqtisadi əməkdaşlığı daha möhkəm təməl üzərində qurur.

– Türkiyə və Azərbaycan birlikdə bölgə üçün “ortaq bir iqtisadi model” yarada bilərmi?

– “Bir millət, iki dövlət” vizyonu bu mərhələdə təbii bir proses olaraq tam inteqrasiya olunmuş “ortaq iqtisadi model”ə çevrilmək potensialını daşıyır. İki ölkə qarşılıqlı ticarət tərəfdaşları olmaqdan kənara çıxaraq, istehsal standartlarını və gömrük proseslərini uyğunlaşdıran, həmçinin ortaq investisiya layihələri ilə strateji sektorları maliyyələşdirən vahid bir iqtisadi məkan kimi fəaliyyət göstərmək istiqamətində güclü iradə nümayiş etdirir. Türkiyənin istehsal gücü, geniş bazar çıxışı və texnoloji infrastrukturu ilə Azərbaycanın enerji resursları və strateji investisiya imkanları birləşdikdə, qlobal şoklara davamlı, özünə yetən və xarici bazarlara birlikdə məhsul təqdim edə bilən iqtisadi güc mərkəzi yaranacaq. Bu model region ölkələri üçün də əhatəli və təşviqedici nümunə təşkil edəcək.

Türkiyə–Ermənistan normallaşma prosesi qarşılıqlı etimad əsasında mərhələli şəkildə irəliləyir

– Bu aspektdə Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində hansı digər addımlar atılması planlaşdırılır?

– Türkiyə–Ermənistan normallaşma prosesi qarşılıqlı etimad əsasında mərhələli şəkildə irəliləyir. Bu prosesdə dəmir yolu, e-viza tətbiqi və uçuşların artırılması kimi konkret addımlar atılıb. Bundan əlavə, Ani Körpüsünün bərpası kimi layihələrdə irəliləyiş əldə olunub və Azərbaycan–Ermənistan prosesindəki irəliləyişlər də bu normallaşmaya müsbət təsir göstərir.

– Ermənistanla sərhədin açılması nə zaman mümkün ola bilər?

– Həm Türkiyə–Ermənistan, həm də Azərbaycan–Ermənistan quru sərhədlərinin açılması regionda aparılan sülh və normallaşma proseslərinin ən konkret nəticələrindən biri olacaq. Bu istiqamətdə texniki hazırlıqlar davam etdirilir və zəruri infrastruktur yaradılır. Azərbaycan və Ermənistan arasında da oxşar təcrübələrin həyata keçirildiyini görmək sevindiricidir. Son dövrdə Azərbaycan və Ermənistan arasında atılan konkret addımlarla iki ölkə arasında normallaşma prosesinin sürətləndiyini müşahidə edirik. Azərbaycan ilə Ermənistan arasındakı əlaqələr gücləndikcə, ölkəmizin Ermənistanla həyata keçirdiyi normallaşma prosesi də daha sürətli irəliləyəcək.

Chosen
2
6
heftelik.az

7Sources