Son günlər Bakının bəzi ərazilərində müşahidə olunan intensiv yağıntılar ciddi fəsadlar yaradıb. Su və kanalizasiya xətlərinin üzərində tikilmiş evlərdə torpaq sürüşməsi və çökmələr baş verib, nəticədə bir çox yaşayış sahəsi qəzalı vəziyyətə düşüb. Bu vəziyyət isə yenidən qanunsuz və nəzarətsiz tikilən evlər məsələlərini gündəmə gətirib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayevin sözlərinə görə, son günlərdə baş verən yağışlarla, Bakının bəzi ərazilərini su basması ilə bağlı bağlı çoxlu müzakirələr gedir: “Biz 30 il bundan öncə həyəcan təbili çalırdıq, təəssüflər olsun ki, onda kimsə baxmırdı. İndi də vəziyyət belədir ki, vətəndaşlara çox böyük ziyan dəyib, problem hələ tam həllini tapmayıb. Bundan sonra necə olacaq, o da bəlli deyil. Amma bütün hallarda hesab edirəm ki, o vətəndaşlar özbaşına gedib orada məskunlaşmayıblar. Daşı daş üstünə qoymaq üçün Bakı şəhərində uzun illərdir, rüşvətsiz bir iş görmək müşkül məsələdir. Bunlar da hamısı icra hakimiyyətlərinin, bələdiyyələrin razılığı əsasında olub. Bu adamların da böyük hissəsi də hazırda sağ-salamatdırlar, yaşayırlar, çoxlu obyektləri var. Ona görə hesab edirəm ki, bu araşdırılmalıdır. Müxtəlif rayonlarda sərəncam verən icra başçıları var. Xətai rayonu, NZS-də müəyyən olub ki, kanalizasiya xəttinin üstündə evlər tikilib. Vətəndaşlar da deyir sərəncam verilib. Sərəncamı Xətai rayonununun icra hakimiyyətinin o zamankı başçısı Razim Məmmədov verib. Eləcə də başqa rayondan icra başçıları var, sərəncam veriblər kommunikasiya xətlərinin üzərində ev tikiblər. Bu adamlar hamısı məsuliyyətə cəlb olunmalıdırlar. Əgər yox, biz keçək, məsələni buraxaq ki, əvvəl olub və s. Elə şey yoxdur. Bütün bunlar yoxlanılmalıdır. Baş verən hadisələrə görə kimsə məsuliyyət daşımır. Məsuliyyətsizlik şəraitində vəziyyəti düzəltmək olmaz. Təbii ki, bundan sonra yeni kanalizasiya xətləri çəkilməlidir və s. Xeyli iş var...”
E.Musayev bildirib ki, müvafiq qurumların rəhbərlərinin məsuliyyətsizliyi ilə yanaşı, bununla bağlı vətəndaşların özlərinin də məsuliyyətsizliyi var: “Xatırlayıram, bir dəfə dostumuz Binəqədidə, Rəsulzadə bələdiyyəsinin ərazisində, qurudulmuş gölün üzərində ev tikmək istəyirdi. Məsləhət istədi, dedim belə iş tutma, burada ev tikmək olmaz, bunun altı sudur və s. Sonra o getdi başqa ərazidə torpaq aldı, ev tikdi. Yəni burada məsuliyyətsizlik əlamətləri də var ki, başa düşürəm, bunun da böyük hissəsi imkansızlıqla bağlıdır. İnsanların imkanları olmur, harada ucuz torpaq sahəsi varsa, orada ev tikirlər. Bu səbəbdən düşünürəm ki, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Sərəncamı verən müvafiq icra strukturlarında çalışanlar, bələdiyyə rəhbərliyi kim vardırsa, sərt cəzalanmalıdırlar. İndinin özündə də bu proses gedir. Hazırda da müəyyən ərazilərin özündə qanunsuz tikililər gedir. Sənədlər saxtalaşdırılır, köhnə tarixlə sərəncamlar verilir və s. Yəni biz bu işlərə barmaqarası baxsaq, problem davam edəcək, həlli mümkün olmayan problemə çevriləcək. Necə ki neçə gündür həlli mümkün deyil. Qanunun sərt üzü hər kəsə göstərilməlidir”.
Şəhanə Quliyeva