EN

“Aprel döyüşləri ordumuzun peşəkarlığını ortaya qoydu” DEPUTAT DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

”Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan, milli iradəmizin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli mövqeyinin parlaq təcəssümüdür. 2016-cı ilin 2–5 aprel tarixlərində baş verən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarına sarsıdıcı cavab verdi, strateji əhəmiyyət daşıyan bir sıra mövqeləri, o cümlədən Lələtəpə yüksəkliyini nəzarətə götürdü”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin materiallarında da qeyd olunduğu kimi, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmiş, Talış ətrafındakı yüksəkliklər, Lələtəpə istiqaməti və digər mühüm mövqelərdə üstünlük təmin edilmişdir.

Bu şanlı qələbə bir daha göstərdi ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayıb və öz ərazi bütövlüyünün bərpası istiqamətində həm siyasi, həm də hərbi baxımdan qətiyyətli mövqe nümayiş etdirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Aprel döyüşləri dövlətimizin, xalqımızın və ordumuzun gücünü göstərən şanlı hərbi qələbə idi. Bu döyüşlər Azərbaycan xalqına yeni inam verdi, ordumuzun peşəkarlığını ortaya qoydu və gələcək böyük Zəfərin qaçılmaz olduğunu nümayiş etdirdi.

Aprel döyüşlərinin tarixi əhəmiyyəti yalnız hərbi müstəvidə ölçülmür. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində illərlə düşmən atəşi altında qalan Cocuq Mərcanlıya həyat qayıtdı. Bu, Aprel zəfərinin yalnız cəbhə xəttində deyil, insan talelərində, doğma torpağa dönüş arzusunda, milli ruhun dirçəlişində də nə qədər böyük rol oynadığını göstərdi. Bu mənada Aprel döyüşləri xalqımızın mənəvi yaddaşında təkcə hərbi uğur deyil, həm də qayıdışın, dirçəlişin və ədalətin təntənəsi kimi yaşayır.

Bu döyüşlər həm də 2020-ci ildə qazanılmış tarixi Zəfərə aparan yolun mühüm başlanğıcı oldu. Müdafiə Nazirliyinin yayımlarında Aprel döyüşlərindəki qələbə İkinci Qarabağ müharibəsindəki tarixi zəfərin başlanğıcı kimi dəyərləndirilir. Məhz həmin günlərdə Azərbaycan əsgəri sübut etdi ki, torpaqlarımızın azadlığı uğrunda mübarizə həm xalqın iradəsinə, həm də güclü dövlətin sarsılmaz siyasətinə söykənir.

Bu gün Aprel döyüşləri şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anmaq, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirmək və gənc nəsildə vətənpərvərlik ruhunu daha da möhkəmləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Aprel döyüşləri tariximizin şərəfli səhifəsidir. Bu səhifə Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi və dövlətimizin qətiyyəti ilə yazılmışdır. Heç şübhəsiz, bu şanlı tarix milli yaddaşımızda daim yaşayacaq və gələcək nəsillərə qürur mənbəyi olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
sia.az

4Sources