EN

“Şəfa”nın baş məşqçisi: Erkən hesablamalar arzuolunmaz nəticələrə gətirib çıxara bilər

Bakı, 2 aprel, AZƏRTAC

Mövsüm hələ yekunlaşmayıb və qarşıda komandanı gərgin oyunlar gözləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında I Liqada XIX turdan sonra 45 xalla lider olan “Şəfa” komandasının baş məşqçisi Elgiz Kərəmli deyib.

O, indidən çempionluq barədə danışmağın düzgün olmadığını bildirib: “Erkən hesablamalar yekunda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Buna görə də diqqətimizi yalnız növbəti oyunlara yönəltmişik və hər qarşılaşmaya ciddi hazırlaşırıq.”

Baş məşqçi uğurlu çıxışın əsas səbəblərindən də danışıb. Onun sözlərinə görə, klub daxilində düzgün qurulmuş struktur və hər kəsin öz işinə məsuliyyətlə yanaşması sağlam kollektivin formalaşmasına imkan verib: “Çempionata başlayarkən klubda iş bölgüsü aydın idi. Rəhbərlik həm uyğun şərait yaratdı, həm də transferlər üçün lazımi büdcə ayırdı. Bu dəstək sayəsində biz məşqçilər oyun planımıza uyğun futbolçuları heyətə cəlb edə bildik.”

Elgiz Kərəmli mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərləri isə təkzib edib: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Mütəxəssis bildirib ki, kluba yeni prezident gəlsə də, strategiyada dəyişiklik olmayacaq: “Bu gün üçün qərar belədir ki, klub Premyer Liqaya çıxacağı halda, yerli futbolçulara şans veriləcək”.

Chosen
27
1
azertag.az

2Sources