EN

"Bütün bunlar müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir" - ŞƏRH

“Azərbaycan dövləti 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində son 200 illik tariximizin ən böyük zəfərlərini qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbələr sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Bu gün üçrəngli Azərbaycan Bayrağı Xankəndi, Şuşa, Xocalı da daxil olmaqla ölkənin bütün ərazisində əzəmətlə dalğalanmaqla hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşadır. Xalqımızı bu böyük qələbələrə aparan yolda 2016-cı il aprelin əvvəlində baş verən döyüşlərin xüsusi əhəmiyyəti var. Artıq şanlı Aprel döyüşlərindən 10 il ötür”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı:

"Aparılan sülh danışıqlarında daim konstruktivlik ortaya qoyan Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, dövlət başçısının qətiyyətli siyasi iradəsi əsasında ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı, bu istiqamətdə planlı iş aparıldı. Müharibə geniş mənada ölkələrin milli güclərinin qarşı-qarşıya gəlməsi anlamında qəbul olunur. İqtisadiyyatı güclü olmayan dövlət heç vaxt müharibənin qalib tərəfinə çevrilə bilməz. Bu mənada Prezident İlham Əliyevin respublikamızın iqtisadi müstəqilliyinin təmin olunması məqsədilə həyata keçirdiyi ardıcıl siyasət xüsusi vurğulanmalıdır. İqtisadi imkanların genişləndirlməsi ölkənin siyasi müstəqilliyini şərtləndirməklə yanaşı, həm də müasir ordu quruculuğu üçün geniş perspektivlər açdı. Ölkəmizdə güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Aprel döyüşləri, ondan sonrakı əməliyatlar, Vətən müharibəsi və antiterror tədbirləri göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib.

O dövrdə Ermənistan rəhbərliyi Azərbaycanın sülh çağırışlarına və verdiyi mesajlara məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmirdi. Düşmən cəzalandırılmalı idi və bunu Azərbaycan Ordusu 2016-cı il 1-4 aprel tarixində etdi. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Tərtər rayonları istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin azad olunması ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Rəsmi məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və bir neçə hərbi hissəsini məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi məhz bu döyüşlərdə tar-mar oldu. Aprel döyüşlərindən sonra Ermənistanın həm silahlı qüvvələri, həm də siyasi rəhbərliyi çıxılmaz durumda qalmışdı. İndiyədək Ermənistanın siyasi-hərbi rəhbərliyi daim cəmiyyətə nağıllar danışır, vədlər verirdi. Aprel döyüşləri o reallığı ortaya qoydu ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcək.

Aprel döyüşləri, eyni zamanda, Azərbaycanın ərazi bötövlüyünün təmin olunmasında heç bir güzəştə getməyəcəyini nümayiş etdirdi. Bütün dünya hərbiçilərimizin Vətən sevgisinin, eləcə də Ordumuzun gücünün şahidi oldu. İlk dəfə idi ki, Silahlı Qüvvələrimiz nəyə qadir olduqlarını açıq döyüşlərdə nümayiş etdirirdi. Əsgər və zabitlərimizin şücaəti ən yüksək qiymətə layiq idi. Prezident İlham Əliyevin 2016-cı il aprelin 19-da imzaladığı müvafiq sərəncamlarla Silahlı Qüvvələrimizin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7 üzvü “Azərbaycan Bayrağı” ordeninə, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 19 üzvü “Vətən uğrunda” medalına, 43 üzvü “İgidliyə görə” medalına, 45 üzvü “Hərbi xidmətlərə görə” medalına, layiq görülüb, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb”,-deputat əlavə edib ki, Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Vətən müharibəsi başlayanadək Silahlı Qüvvələrimiz daha bir neçə dəfə öz gücünü düşmənə göstərdi. Bu sırada Cünnüt döyüşlərini, Tovuz əməliyyatını misal göstərə bilərik. Ancaq Ermənistan bu döyüşlərdə uğradığı acınacaqlı məğlubiyyətdən özü üçün lazımi nəticələr çıxartmadı. Öz havadarlarına arxalanan düşmən 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti dəfə genişmiqyaslı təxribata əl atdı. Bu dəfə Azərbaycan Ordusunun düşmənə cavabı daha qəti və sərt oldu. Ermənistanın hərbi birləşmələri Ordumuzun qarşısında duruş gətirə bilmədi və cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə onun üçün kapitulyasiya aktı sayılan üştərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Aprel döyüşlərində zəfər yoluna çıxan Azərbaycan 44 günlük müharibədə özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. 2023-cü ilin sentyabrında baş verən 23 saatlıq antiterror tədbirlərində isə Müzəffər Ordumuz Aprel döyüşləri ilə təməli qoyulan, Vətən müharibəsində möhkəmləndirilən qələbələr seriyasını məntiqi sonluqla tamamladı və ərazilərimizdə erməni separatizminin kökünü birdəfəlik kəsdi.

“Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünün və suverenliyinin bərpasına hərbi-siyasi yolla nail oldu. Dəmir yumruqla düşmənin başını əzən Azərbaycan dövləti hazırda işğaldan azad edilən ərazilərdə möhtəşəm bərpa-quruculuq işləri həyata keçirir. Artıq bu torpaqlara Böyük Qayıdış prosesi başlayıb. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir".

Müəllif: Arzu Qurbanlı
Chosen
18
sia.az

1Sources