Ermənistan (Metsamor) Atom Elektrik Stansiyasının ömrünün uzadılması proqramının bir hissəsi olaraq ölkənin elektrik şəbəkəsindən ayrılıb. Bunu Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan açıqlayıb.
Xudatyan cümə axşamı hökumət iclasında bildirib ki, stansiya aprelin 1-dən etibarən beş ay işləməyəcək.
Ermənistan Atom Elektrik Stansiyası ölkənin əsas elektrik enerjisi mənbələrindən biridir. Stansiya birinci nəsil VVER-440 reaktoru ilə tək bir blokda işləyir və yanacağı TVEL (Rosatomun bir hissəsi) tərəfindən təmin edilir.
Dekabrın sonunda Rosatom respublikada yeni bir atom elektrik stansiyası blokunun tikintisi üçün Ermənistana ətraflı təkliflər paketi təqdim edib.
Əvvəllər Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Atom Elektrik Stansiyasının ömrünün 2046-cı ilə qədər uzadıla biləcəyini bildirmişdi. Hazırda yeni blokun tikintisi ilə bağlı müzakirələr Rusiya, ABŞ, Fransa, Cənubi Koreya və Çin ilə aparılır.
Fevralın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens Yerevanda keçirilən brifinqdə ölkəsinin Ermənistanın nüvə enerjisi sektoruna 9 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Rizvan CƏFƏROV,
“Azərbaycan”