Fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22,347 milyon ədəd təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 13 faiz artıb, kredit kartlarının sayı isə 8 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. 2026-cı ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,171 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.