Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Həmin vaxt hakim epizoda yaxın idi. Topa toxunuşum var idi”.
Bunu “Kəpəz”in futbolçusu Şakir Seyidov futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Milli fasilədən öncəki son turda “Qarabağ”a qalib gəldiniz və bu, cari mövsümdə Ağdam təmsilçisi üzərində ikinci qalibiyyətiniz oldu…
– Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ” topla oynamağı sevir. Bunu nəzərə alaraq meydana çıxmışdıq. Əks-hücumda oynayaraq əlimizə düşən imkandan lazımınca istifadə etdik və qələbə qazandıq. Meydanı 3 xalla tərk etdiyimiz və azarkeşlərimizi sevindirdiyimiz üçün şadam.
– Kamilo Duranla epizodunuz çox müzakirə edildi. Sizcə, hakim həmin epizodda penalti təyin etməməklə düz etdi?
– Həmin vaxt hakim epizoda yaxın idi. Topa toxunuşum var idi. Qərarı hakim verir. Referi o anda nə qərar versəydi, razılaşmalı idik.
– Millinin toplanışına “Kəpəz”dən heç bir futbolçunun çağırılmamasını necə qarşıladınız? Komandanızdan kim və ya kimlər yığmaya dəvəti haqq edirdi?
– Milli komandanın baş məşqçisi var. Mən deyə bilmərəm ki, kimləri çağırıb, kimləri çağırmamalıdırlar. Yığmaya dəvət alan hər bir futbolçu o formanı layiqincə daşımalıdır. Çağırılmayan futbolçular da öz üzərlərində işləyib şanslarını gözləməlidirlər.
– Fasilədən sonrakı ilk oyunda “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Bu matçdan 3 xalla ayrılmağı bacaracaqsınız?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Yenə məqsədimiz eyni olacaq. “Qəbələ” ilə görüşə də 3 xal əldə etmək üçün çıxacağıq. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.
– Milli fasilədən öncəki son 4 turda “Kəpəz” 8 xal qazanmışdı. Bu mənada fasilənin sizə zərəri dəyməyəcək?
– Fasilənin bizə zərərinin dəyəcəyini düşünmürəm. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq.
– “Kəpəz” hazırda 12-ci pillədən 13, 11-ci pillədən isə 5 xal öndədir. Bu, komandanızın Premyer Liqadakı yerini qoruyacağını əminliklə söyləməyə əsas verirmi?
– Turnir cədvəlində daha da irəli getməyə çalışırıq. Arxaya baxmırıq, öndəki rəqibə nəzər yetiririk. Mövsümü daha yaxşı pillədə bitirmək üçün əlimizdən gələni edəcəyik.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.