EN

"Tramp NATO-nun fikrini öyrənmədən İranla savaşa giribsə, o zaman özü də bu savaşı idarə etsin"

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. NATO başda olmaqla bir sıra ölkələr Vaşinqtonun kömək çağırışlarına “yox” cavabı verdi.

Belə bir vəziyyətdə Trampın hansı addımları atacağı sual doğurur: ABŞ təkbaşına hərəkət edəcək, yoxsa diplomatik yolları yenidən gündəmə gətirəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Tramp hal-hazırda NATO tərəfdaşları ilə söz mübahisəsi içindədir, narazılığını bildirir:

"Onlarla olan söhbətlərini, hətta ikitərəfli danışıqlarını dünya ictimaiyyətinə açıqlayır. Fransa Prezidenti ilə, Britaniyanın Baş naziri ilə olan danışıqlarının detallarını açıqlayır və bəyan edir ki, NATO "kağız pələng"dir, Amerika olmasa NATO heç nəyə yaramaz. Üstəlik bildirir ki, tərəfdaşları İran məsələsində ABŞ-yə kömək etməyiblər. Hətta qeyd edir ki, onların köməyinə ehtiyac yox idi, sadəcə yoxlamaq üçün müraciət etdi, onlar isə yanında olmadılar. Bəli, bir sıra Avropa ölkələri, yəni NATO üzvü olan dövlətlər hətta öz hava məkanını bağlayıb. Amma burada bir sıra məsələlər var ki, açıqlanmır. Əvvəlcə onu qeyd edim ki, NATO üzvü olan dövlətlər bəyan edir ki, NATO məhz Avroatlantika məkanında olan risklərə qarşı qurulan bir təşkilatdır, yəni dünyanın başqa coğrafiyalarında gedib savaşmaq məsələsi alyansın qarşısında duran məqsəd deyil".

Onun sözlərinə görə, Tramp onlara İrana hücumla bağlı vaxtında müraciət etmir, yalnız vəziyyət çətinləşəndən sonra onları axtarır:

"Burada bir məqam da var ki, İran raketləri həmin Avropa ölkələrini asanlıqla vura bilər. İran da bəyan edir ki, kim ona qarşı vuruşan ölkələrə kömək edərsə, həmin ölkələrin ərazisini vuracaq. Bu gün Körfəz ölkələrinin ərazilərinin bombalanması onu deməyə əsas verir ki, İran əvvəlcədən xəbərdar etdiyi kimi, ərazisindən istifadə olunan ölkələri legitim hədəf hesab edir. Əslində bu savaşa qoşulmaq Avropa ölkələri üçün ciddi risklər yaradır. Digər tərəfdən, onlar hesab edir ki, Amerika bu məsələdə onların rəyini savaşa girməzdən əvvəl nəzərə almalı idi. İndi onların fikrini öyrənmədən savaşa giribsə, o zaman özü də bu savaşı idarə etməlidir. Belə bir şəraitdə Amerikanın onları cəzalandırmaq məsələsinə gəldikdə, məncə burada Amerikanın elə mexanizmləri yoxdur ki, onları birbaşa cəzalandırsın. Sadəcə olaraq Amerika NATO-dan çıxmaqla onları hədələyə bilər və ya sabah onların problemi olarsa, dəstək verməz.

Rusiya-Ukrayna savaşında Avropa ölkələri aktiv iştirak edir. Amerika isə bəyan edir ki, bu, onun savaşı deyil. Bu baxımdan Avropa ölkələri də eyni yanaşmanı sərgiləyir və bildirir ki, İran məsələsi onların savaşı deyil. Bir növ Tramp öz addımlarının qarşılığını alır. Amma bütün hallarda Amerika hələ də dünyanın super dövlətidir, güclü dövlətdir, təbii ki, müəyyən təsir imkanları var, hətta Avropa ölkələrinə və NATO tərəfdaşlarına belə təsir mexanizmləri mövcuddur. Amma bu mexanizmlərdən istifadə etmək üçün İran məsələsində iştirak etməmək kifayət qədər əsas sayılmır. Bu dəlil imkan vermir ki, o, onlarla qarşıdurmaya girsin və ya hansısa cəza tədbirləri tətbiq etsin. Bütün hallarda bu vəziyyət Avroatlantika məkanının parçalanmasına və zədələnməsinə gətirib çıxarır. Bəlkə də Tramp özü də bunu istəyir və İrana qarşı savaş başladığı vaxtdan Avropa ölkələrinin, NATO üzvlərinin ona dəstək verməməsini bir bəhanə kimi istifadə edir. Hətta son günlərdə Putinin də NATO-nun "kağız pələng" olduğunu bildirməsi müəyyən təhdidlərin mövcudluğunu göstərir. Hər halda NATO ölkələri hələ də bir sıra silahları Amerikadan alır və sabah həmin silahların verilməsində əngəllər yarana bilər, müəyyən hərbi-siyasi məsələlərdə maneələr törədilə bilər. Amma düşünürəm ki, burada da Tramp bunu təkbaşına edə bilməz, çünki Amerika dövlət qurumlarının da müəyyən mexanizmləri var və onlar Avroatlantika daxilində belə sərt qarşıdurmanı istəmir. Bütün hallarda bu, Trampın şəxsi yanaşması, ritorikası və narazılığıdır. Belə görünür ki, tədricən Avroatlantika məkanında münasibətlər sərinləşə bilər, amma bunun birbaşa cəzalandırma anlamına gəldiyini düşünmürəm".

Nuriyyə NATİQQIZI

Chosen
19
redaktor.az

1Sources