EN

Qənirə Paşayeva adına mükafat bu dəfə Bakı Slavyan Universitetində... - FOTOLAR

"Azərbaycan Türk Ocağı" gənc jurnalistlər üçün stimul yaradır.

Adalet.az xəbər verir ki, aprelin 2-də Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı"nın təsis etdiyi Qənirə Paşayeva adına mükafatın təqdimetmə mərasimi keçirildi.

Tədbiri fakültənin dekanı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq Qənirə Paşayevanın zəngin jurnalist fəaliyyətindən və media sahəsinə verdiyi töhfələrdən bəhs etdi.

"Azərbaycan Türk Ocağı"nın başqanı, əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında Qənirə Paşayevanın ictimai-siyasi və media fəaliyyətinə toxundu. Bildirdi ki, Qənirə Paşayeva yalnız peşəkar jurnalist deyil, eyni zamanda milli dəyərlərin qorunması və təbliği istiqamətində yorulmadan çalışan fədakar ziyalı idi. Onun jurnalistika sahəsində gənclər üçün nümunə olduğunu vurğuladı. Qeyd etdi ki, Qənirə Paşayevanın adı ilə təsis edilən bu mükafatın əsas məqsədi gənc jurnalistləri dəstəkləmək, onların peşəkar inkişafına töhfə vermək və bu sahədə yeni, istedadlı kadrların formalaşmasına stimul yaratmaqdır. O, mükafatın builki qalibi- III kurs tələbəsi Nuray Məmmədrzayevanı təbrik etdi. 

BSU-nun Jurnalistika fakültəsinin professoru Etibar Babayev müasir dövrdə jurnalistikada texnologiyanın rolundan danışaraq bildirdi ki, əsas məsələ texnikadan istifadə deyil, onu düzgün idarə etmək bacarığıdır. O, jurnalistin hadisələrə müxtəlif aspektlərdən yanaşma qabiliyyətinin vacibliyini qeyd etdi. Həmçinin Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşərək onun “Addım-Addım Türkiyə” layihəsinin əhəmiyyətini vurğuladı. Bu layihənin "Sevgi-nəğməli İstanbul" layihəsinin davamı olduğunu söylədi.

Mükafatın qalibi Nuray Məmmədrzayeva çıxışında bu mükafatı almağın onun üçün böyük uğur və şərəf olduğunu bildirdi. Qənirə Paşayevanı gənc jurnalistlər üçün örnək şəxsiyyət kimi dəyərləndirdi. O, qeyd edib ki, gələcəkdə də bu etimadı doğrultmaq, peşəkar jurnalist kimi formalaşmaq və cəmiyyətə faydalı olmaq üçün əlindən gələni edəcək.

Professor Şahbaz Şamıoğlu jurnalistikanın əsas prinsiplərinə toxunaraq söylədi ki, yaxşı jurnalist olmaq üçün ilk növbədə yaxşı vətəndaş olmaq lazımdır. O, Türk Ocaqlarının bir əsrdən artıq fəaliyyət göstərdiyini xatırladaraq "Azərbaycan Türk Ocağı"nın rolunu xüsusi vurğuladı.

Əməkdar jurnalist Şəlalə Həsənova çıxışında “Şərq” qəzetinin bu gün də nazirlərin oxuduğu, aktuallığını qoruyan qəzet olduğunu dedi. O, Akif Aşırlının “Jurnalistika tarixi” kitabının əhəmiyyətindən danışdı. A.Aşırlının başqanı olduğu "Azərbaycan Türk Ocağı"nın bu mükafatı təsis etməsinin gənc jurnalistlər üçün mühüm stimul olduğunu bildirdi.

Tədbirdə fakültənin sabiq dekanı, professor Habil Məmmədov da çıxış edərək öz fikirlərini iştirakçılarla bölüşdü. Jurnalistika peşəsinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, Qənirə Paşayeva daim milli dəyərlərin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərib.

Mükafatın ilk qalibi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Banuçiçək Kalbalıyeva çıxışında Qənirə Paşayevanın yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün əvəzsiz şəxsiyyət olduğunu vurğuladı. O, Qənirə Paşayevanın gənclərə göstərdiyi dəstəyi bu gün də həm özü, həm də bacısının adından Kəmalə xanım Paşayevanın davam etdirdiyini söylədi. 

Tədbirin sonunda Qənirə Paşayeva adına mükafat builki qalibinə - Nuray Məmmədrzayeva təqdim edildi. O, diplom və pul mükafatı ilə təltif olundu.

Mərasimin sonunda xatirə şəkilləri çəkilib.

Chosen
8
2
adalet.az

3Sources