EN

Rusiya Ermənistanı niyə hədələdi? - AÇIQLAMA

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dəmir yolu güzəştinin satılacağı təqdirdə Ermənistanı ciddi nəticələrlə bağlı xəbərdar edib.

Politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Overçukun Ermənistana bu məsələdə sanki yumşaq hədəf xarakterli xəbərdarlığının məntiqi yanlışdır:

"Rusiya əgər Avropa İttifaqını özünə düşmən hesab edirsə, bu, digər ətraf ölkələr üçün də mütləq ola bilməz. Aİ ilə Rusiyanın münasibətlərinin Ukrayna səbəbindən kəskinləşdiyi, Overçukun iddia etdiyi kimi düşmənçilik səviyyəsinə gəlməsinin günahı Rusiyanın yürütdüyü ekspansionist siyasət olub. Bu səbəbdən Rusiya Aİ-yə düşmən kimi baxırsa, bu, onun daxili işi olmalıdır. Ermənistanın Aİ ilə münasibətləri buna görə niyə korlanmalıdır? Overçuk bu məqamı nəzərə alıb bəyanat verməlidir".

Siyasi şərhçi vurğuladı ki, Ermənistan öz dəmir yolu xətlərinin müasirləşməsini istəməkdə maraqlıdır:

"Rusiya bu işdə Ermənistanı qane etmirsə, onun haqqıdır ki, digər sponsor dövlətləri bu işə cəlb etsin. Rusiya həmişəki kimi hegemon mövqedən məsələyə yanaşır. Təbii ki, bunu istəmirsə, Ermənistanı qane edən şərtlər irəli sürə bilər. Ermənistan da böyük ehtimalla Rusiyanı məcbur etmək üçün Aİ-nı bu məsələyə cəlb etmək istəyir ki, Rusiyaya təzyiq etsin. Rusiya da dəmir yolu xətlərinə sərmayə qoysun. Amma kiçik bir məsələdə düşmən blokun tərəfində olmaqla özünü təhlükəyə atmaq kimi fikirlər birbaşa məsələyə aqressiv yanaşmadır, konstruktivlik əlaməti yoxdur".

Aytəkin TOFİQQIZI

Chosen
25
1
redaktor.az

2Sources