EN

Vahid İran modeli tənəzzülə uğrayıb - ŞƏRH

İran savaşı Azərbaycan dövlətinə istənilən "X" situasiyasında milli və strateji maraqlarımızın əleyhinə çıxa biləcək ictimai-siyasi fiqurların əksər hissəsini ifşa etdi. Biz tarixdə ilk dəfə yeni dünya nizamının formalaşmasına qalib xalq və dövlət kimi qoşulmuşuq. Üç nəhəng imperiyanın- İran, Rusiya, Osmanlı- caynaqları arasında qurduğumuz Azərbaycan dövləti yeni düzəndə Cənubi Qafqazın lider respublikasından Yaxın və Orta Şərqin oyunqurucu dövlətinə çevrilmək potensialına malikdir. Təsəvvür edin, passionar və sekulyar bir xalq olaraq biz azərbaycanlılar nələr qazanmarıq 400-500 min kv. km-i əhatə edəcək dövlətimizlə yeni dünyada?

Güney Azərbaycan məsələsini aktuallığını və perspektivini şübhə altına alan yanaşmalar çoxalır. Aralarında səmimi və müzakirəyə açıq mövqelər də var. Hər kəsi qaralamaq fikrində deyiləm. Amma əsasən ideyanı "vuranlar"ın hərəsi bir səmtin aksenti ilə danışır. Bunu da aydın görürük. Kor deyilik! Yekun rəyləri də o olur ki, sən demə vahid İran daha sərfəli imiş.

Odur ki, bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm.

1. İranda türk mənşəli və tarixən türk mənşəli xalqlarla iç-içə yaşamış qardaş irandilli xalqların toplam sayı farslardan azdır. Bunun da səbəbi farsların sayını artırmaq üçün bir neçə onilliklər ərzində İranda aparılmış ailə planlama siyasətidir. Fərz edək ki, çox deyil, bərabərdirlər, yaxud bir qədər azdırlar. Modernləşmə prosesi yarımçıq qalsa da, İranın digər xalqlarından bu baxımdan öndə olan farsları tabe etdirmək mümkün deyil. Realist olmaq istəyənlər, realist olmağa buradan başlamalıdırlar.

2. Vaxtilə türklərin İranı idarə eləməsi müasir milli dövlətlər çağında heç bir ciddi əhəmiyyəti qalmayan tarixi faktdır. Bu dünyada Osmanlı, Rusiya, Britaniya, Fransa, Avstrya-Macarıstan, SSRİ və digər imperiyalar necə parçalanıbsa, İranı da eyni aqibət gözləyəcək. Bir tərəfdən realist olmağa çağırırlar, bir tərəfdən də orta əsrləri diriltmək istəyirlər. Absurd! İrəli baxın, cənablar, irəli!

3.Deyirlər ki, niyə 1,6 milyon kv.km-la yox, onun təxminən 1/3 hissəsi ilə kifayətlənək? Sual verirlər ki, bəs Azərbaycan ərazisindən kənardakı digər türkmənşəli xalqların taleyi necə olacaq? Bizləri maksimalizmdə qınayanların maksimalizmə necə yuvarlandığına diqqət edirsinizmi? Cavabım: a) Dövlət üçün etnik, mədəni, siyasi təmərküzləşməyə malik ərazi lazımdır. Təmərküzləşdiyimiz ərazidən nə aza qane olarıq, nə çoxa iddia edərik. b) İran coğrafiyası nə bütün türkmənşəli, nə də bütün ari mənşəli xalqları eyni layihəyə salmağa imkan vermir. Həm Güney Azərbaycan, həm də Persiya multikultural ölkə olmağa məhkumdur.

Chosen
50
aznews.az

1Sources