ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların hələ "yeni başladığını" bəyan edərək, ölkənin mülki infrastrukturunu tamamilə məhv etməklə hədələyib.
Musavat.com xəbər verir ki, özünün "Truth Social" hesabında paylaşım edən Tramp, ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olduğunu vurğulayaraq, İranın strateji hədəflərinin siyahısını açıqlayıb. Prezident bildirib ki, indiyə qədər endirilən zərbələr İranın hərbi potensialını məhv etmək üçün görülən işlərin yalnız kiçik bir hissəsidir. "Ordumuz İranda qalanları məhv etməyə hələ başlamayıb. Növbədə körpülər, sonra isə elektrik stansiyalarıdır!" deyən Tramp, İranın yeni rəhbərliyinə dərhal və "SÜRƏTLİ" şəkildə təslim olmaq üçün vaxt qoyub.
Bu bəyanatdan cəmi bir neçə saat əvvəl ABŞ aviasiyasının Tehran yaxınlığındakı strateji körpülərdən birini darmadağın etdiyi və bunun nəticəsində çoxsaylı itkilərin olduğu bildirilir. Ekspertlər hesab edirlər ki, Tramp aprel ayının sonuna qədər İranı tam kapitulyasiyaya məcbur etmək üçün mülki infrastrukturu hədəf almağa davam edəcək. Hazırda İranda elektrik enerjisi və kommunikasiya xətlərində ciddi kəsintilər yaşanır, Vaşinqton isə Tehranın Hörmüz boğazını qeyd-şərtsiz açmasını tələb edir.
Musavat.com