EN

Deputatlardan turizmin inkişafı üçün təkliflər:Mobil şəbəkə, internet, dağ yolları, aeroport...

Azərbaycanın turizm potensialı son illərdə daha çox diqqət mərkəzinə çevrilib və bu sahədə regionların rolu getdikcə artır. Xüsusilə Lerik və Astara kimi təbii-coğrafi üstünlüklərə malik bölgələr, Naftalan kimi müalicəvi nefti ilə məşhur olan şəhər həm yerli, həm də xarici turistlər üçün cəlbedici istiqamətlər sırasında göstərilir. Lakin bu potensialın real iqtisadi nəticələrə çevrilməsi üçün yalnız mövcud resurslar kifayət etmir – kompleks yanaşma, infrastrukturun yenilənməsi və müasir turizm məhsullarının formalaşdırılması zəruri hesab olunur.

Redaktor.az-a danışan deputatlar hesab edir ki, düzgün planlaşdırılmış addımlar atılarsa, bu bölgələr ölkənin turizm xəritəsində aparıcı mövqelərdən birini tuta bilər. Turizm həmçinin regionların sosial-iqtisadi inkişafında mühüm rol oynaya bilər.

Deputat Vasif Qafarov bildirdi ki, Lerik və Astara bölgələri Azərbaycanın turizm baxımından ən böyük potensiala malik ərazilərindən biridir və burada turizmin inkişafı üçün kompleks, uzunmüddətli və sistemli yanaşma tələb olunur:

"Bu bölgələrdə turizmin inkişafı ilk növbədə infrastrukturun yaxşılaşdırılması ilə başlamalıdır; dağ kəndlərinə gedən yolların təmiri, turistik marşrutlar üzrə aydın yol nişanlarının quraşdırılması, ictimai nəqliyyatın təşkili və turistlər üçün rahat hərəkət imkanlarının yaradılması vacibdir. Bununla yanaşı, dağlıq ərazilərdə mobil şəbəkə və internetin gücləndirilməsi müasir turizm tələblərinə cavab vermək baxımından xüsusi əhəmiyyət daşıyır, çünki həm turistlər, həm də uzaqdan işləyən şəxslər üçün bu faktor həlledicidir. Turizmin inkişafı yalnız təbii resurslara əsaslanmamalı, bölgədə müxtəlif turizm məhsulları və təcrübələr yaradılmalıdır. Lerikdə ekoturizm və sağlamlıq turizmi inkişaf etdirilərək meşə yürüşləri, kamping zonaları, ekoloji evlər və "wellness" mərkəzləri qurula bilər, Astara isə subtropik iqlimi və Xəzərə yaxınlığı ilə kənd turizmi, çay və sitrus plantasiyalarına əsaslanan aqroturizm və sahil istirahəti ilə seçilə bilər. Bu iki bölgənin üstünlüklərini birləşdirən “dəniz və dağ” konsepti üzrə tur paketlərinin hazırlanması isə həm yerli, həm də xarici turistlər üçün cəlbedici olacaqdır".

Müsahibimiz həmçinin əlavə etdi ki, eyni zamanda, bölgədə kiçik və orta miqyaslı investisiya layihələrinin həyata keçirilməsi xüsusi rol oynayır:

""Boutique" hotellərin yaradılması, "glamping"  düşərgələrinin qurulması, panorama nöqtələrinin təşkili və yerli memarlıq üslubuna uyğun turistik obyektlərin tikilməsi turizmin keyfiyyətini artıracaqdır. Bu prosesdə yerli əhalinin aktiv iştirakı təmin edilməli, onların turizm sahəsində bilik və bacarıqları artırılmalı, kənd evlərində yerləşmə (homestay), yerli məhsulların satışı və bələdçilik kimi fəaliyyətlər təşviq olunmalıdır. Turizmin inkişafında marketinq və rəqəmsal həllər də mühüm yer tutur. “Lerik və Astaranı kəşf et” kimi vahid turizm brendinin formalaşdırılması, sosial media platformalarında aktiv tanıtım, beynəlxalq rezervasiya sistemlərində iştirak və mobil tətbiqlərin yaradılması bölgənin tanınmasına ciddi töhfə verə bilər. Bununla yanaşı, çay və sitrus festivalları, uzunömürlülük tədbirləri, dağ yürüşləri və milli mətbəx günləri kimi tədbirlərin təşkili turist axınının mövsümi deyil, davamlı olmasına şərait yaradacaqdır. Bütün bunlarla yanaşı, turizmin inkişafına mane olan əsas problemlərdən biri də bürokratik əngəllər və inzibati çətinliklərdir. Kiçik və orta biznes subyektləri üçün icazə və lisenziya prosedurlarının sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, vergi və rüsumlarda müəyyən güzəştlərin verilməsi investisiya mühitini xeyli yaxşılaşdıra bilər. Dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, yerli icra strukturlarının daha çevik fəaliyyət göstərməsi və sahibkarların qarşılaşdığı süni maneələrin aradan qaldırılması turizmin sürətli inkişafı üçün vacib şərtlərdəndir.

Digər problemlər sırasında xidmət keyfiyyətinin aşağı olması, peşəkar kadr çatışmazlığı və ekoloji risklər də qeyd olunmalıdır. Bu problemlərin həlli üçün turizm və qonaqpərvərlik sahəsində təlim proqramlarının təşkili, ekoloji standartların tətbiqi, tullantıların idarə olunması və təbii resursların qorunması istiqamətində tədbirlərin görülməsi zəruridir. Eyni zamanda, bölgədə investisiya risklərinin azaldılması və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi turizmin davamlı inkişafına təkan verəcəkdir. Nəticə etibarilə, Lerik və Astarada turizmin inkişafı üçün əsas məqsəd sadəcə turist sayını artırmaq deyil, yüksək keyfiyyətli, davamlı və rəqabətqabiliyyətli turizm mühiti formalaşdırmaq olmalıdır, bunun üçün isə infrastruktur, məhsul yaradılması, marketinq, yerli icma iştirakı və idarəetmə sahələrində paralel və koordinasiyalı addımlar atılmalıdır".

Deputat Naqif Həmzəyev də mövzu ilə bağlı fikirlərini saytımıza bölüşərkən bildirdi ki, Azərbaycanda turizmin inkişafı ilə əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilir və bununla bağlı həm infrastruktur layihələri icra olunur, yeni turizm məkanları istifadəyə verilir:

"Həmçinin xarici istiqamətlərdə uçuşların reallaşdırılması üçün addımlar atılır, artıq Bakı şəhərindən və Gəncə şəhərindən xaricə uçuşlar həyata keçirilir və bu da istər-istəməz xarici turistlərin Azərbaycana gəlməsinə zəmin yaradır. Bununla yanaşı, digər beynəlxalq hava limanlarından xarici istiqamətlərdə uçuşların həyata keçirilməsi üçün də aidiyyəti qurumlar çalışır və ehtimal olunur ki, yaxın gələcəkdə Füzuli, Zəngilan, Laçın, həmçinin Qəbələ və Lənkəran istiqamətlərində də beynəlxalq uçuşların sayı artacaq. Bununla yanaşı, Azərbaycanda dəmir yollarının inkişafı da müşahidə olunur. Müasir qatarlar vasitəsilə Bakı–Qazax istiqamətinə, eyni zamanda Bakı–Balakən, Bakı–Qəbələ istiqamətlərinə, eləcə də Gəncə–Mingəçevir və Gəncə–Qəbələ istiqamətlərinə, həmçinin Bakı–Ağdam–Xankəndi istiqamətinə reyslər həyata keçirilir və inanılır ki, digər aeroportlar istifadəyə verildikdən sonra təyyarə reyslərinin sayı daha da artacaq".

O, Naftalana olan turist axınından da danışdı:

"Hazırda Naftalana turistlər daha çox Bakı və Gəncə beynəlxalq hava limanları vasitəsilə səfər edirlər. Eyni zamanda Bakıdan Goran istiqamətinə və Gəncədən Goran istiqamətinə qatarlarla, həmçinin Gəncə şəhərindən digər nəqliyyat vasitələri ilə çatdırılırlar. Bu baxımdan, yaxın gələcəkdə Naftalan hava limanının istifadəyə verilməsi və beynəlxalq uçuşların həyata keçirilməsi ilə bağlı rəsmi qurumlar tərəfindən konkret məlumat verilməyib, lakin istənilən halda bu, perspektivdə mümkün görünür. Hazırda isə xarici və yerli turistlərin Naftalana getməsi üçün ciddi maneə və çətinlik yoxdur. Çünki həm xarici turistlər Gəncə beynəlxalq hava limanı və Bakı beynəlxalq hava limanı, o cümlədən Bakıda yerləşən Heydər Əliyev hava limanı vasitəsilə səfər edir, həm də qatarlardan istifadə etməklə asanlıqla Naftalana çata bilirlər".

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

Chosen
25
1
redaktor.az

2Sources