EN

ABŞ-nin müttəfiqləri Hörmüz boğazı ilə bağlı “B planı” hazırlayır

Koalisiya ölkələri Trampın bölgədən çəkilməsi ehtimalına qarşı alternativ addımları müzakirə edir...

ABŞ-nin müttəfiqləri Hörmüz boğazı ilə bağlı mümkün risklər fonunda alternativ fəaliyyət planı üzərində işləyir.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya Avropa, Yaxın Şərq və Asiyadan, eləcə də Avstraliya və Kanadadan 40-dan çox ölkənin nümayəndələrini bir araya gətirərək İranla diplomatik təmasların və mümkün sanksiyaların müzakirəsini təşkil edib.

Virtual görüşün əsas məqsədinin ABŞ-nin müttəfiqlərinin vahid mövqeyini nümayiş etdirmək olduğu bildirilir. Bu mövqeyə görə, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı məsələsi həll olunmadan münaqişədən çıxmamalıdır.

İştirakçı ölkələr Trampın İrandakı əməliyyatları başa çatdıraraq boğazda gəmi hərəkətinin bərpası ilə bağlı konkret plan olmadan geri çəkilə biləcəyindən narahatdır. Bu halda yaranacaq problemlərin aradan qaldırılması yükünün müttəfiqlərin üzərinə düşəcəyi qeyd olunur.

Mənbələrin bildirdiyinə görə, beynəlxalq ictimaiyyət ABŞ-yə açıq şəkildə mesaj verib ki, İranla mümkün atəşkəs danışıqlarında Hörmüz boğazının açılması məsələsi əsas şərtlərdən biri olmalıdır.

Bununla yanaşı, görüş göstərib ki, bir sıra ölkələr ABŞ iştirakı olmadan da boğazın açılması üçün hazırlıqlara başlamağın zəruri olduğunu düşünür.

Məlumata əsasən, koalisiya ölkələrinin hərbi planlaşdırıcıları gələn həftə toplaşaraq dəniz qüvvələrinin boğazın mühafizəsi və minalardan təmizlənməsi prosesinə necə cəlb oluna biləcəyini müzakirə edəcəklər.

Eyni zamanda qeyd olunur ki, ölkələrin böyük əksəriyyəti boğazı hərbi güc yolu ilə açmaq niyyətində deyil. Onlar hesab edirlər ki, bu, effektiv həll yolu deyil və İranın razılığı olmadan böhranın aradan qaldırılması mümkün deyil.

Analitiklərə görə, bu proses qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət üçün kritik əhəmiyyət daşıyır və yaxın dövrdə diplomatik səylərin daha da intensivləşməsi gözlənilir.

Poliqon.info

Chosen
24
poliqon.info

1Sources