ABŞ prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini vurğulasa da, digər tərəfdən verdiyi sərt mesajlarla vəziyyətin yaxın zamanda sabitləşməyəcəyini açıq şəkildə ortaya qoyur. O, ABŞ-ın yaxın 2–3 həftə ərzində İranda bütün əsas hərbi hədəfləri məhv etməyə hazır olduğunu bəyan edib və bu, müharibənin hələ davam edəcəyinə dair ciddi siqnaldır.
Bəs Trampın eyni anda həm danışıqlardan danışıb, həm də hərbi əməliyyatları genişləndirməsi nə ilə izah olunur? Bu ritorika real strategiyadır, yoxsa psixoloji təzyiq vasitəsi? Onun
“2–3 həftəyə bütün hədəfləri məhv edəcəyik” bəyanatı nə dərəcədə realdır?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi İranın donanması və hərbi hava qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib. Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur.
Məsələn, Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.
Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki, müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər. Ancaq Ağ Ev Çin xarici işlər naziri Vanq İ ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür. Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Pakistanla Çinin müharibənin dayandırılması məqsədilə irəli sürdüklər beş maddəlik plan sadədir. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır".
Politoloq xatırladıb ki, Donald Tramp mayın ortalarında Çinə səfər etməyi düşünür və həmin tarixə qədər müharibəni bitirməyi planlaşdırır:
"Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradır. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır. İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80%-ni alır. Digər tərəfdən müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallara, telefonlara, elektrik avtomobillərinə və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərq sülh prosesində fəal oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin Yaxın Şərqdə diplomatik fəallığını əngəlləməyə çalışacaq".
Xalidə Gəray
Musavat.com