EN

Zorge Parkında “mərtəbə oyunu”: Nəsimi RİH-in səssiz “xeyir-duası”?

Bakı şəhəri son illərdə sürətli urbanizasiya və modernləşmə dövrünü yaşasa da, hər mövsüm dəyişməyən bir acı həqiqətlə üz-üzə qalır: paytaxtın idarəetmə mexanizmindəki dərin çatlaqlar.

Şəhər infrastrukturu sanki kövrək bir şüşə üzərində qurulub; payızda yağan intensiv yağışlar küçələri gölə çevirir, qışın azacıq qarı nəqliyyatı iflic edir, yaz gələndə isə şəhərin “ağciyərləri” sayılan parklarda qanunsuz tikinti “göbələkləri” baş qaldırır. Bu xaosun mərkəzində, dövlət qurumlarının səssizliyi və yerli icra hakimiyyətlərinin məsuliyyətsizliyi fonunda Nəsimi rayonu bu gün paytaxtın ən problemli nöqtələrindən birinə çevrilib. Xüsusilə “Zorge parkı” ətrafında cərəyan edən son hadisələr göstərir ki, Bakıda qanun yox, kimlərinsə maraqları daha üstün tutulur.

Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyevin ucaltdığı həyəcan təbili sadə bir şikayət deyil, Bakının memarlıq simasına və ekoloji balansına qarşı törədilən cinayətin ifşasıdır. Rixard Zorge adına parkın ərazisində ucalan tikili, paytaxtdakı “mərtəbə hoqqabazlığının” bariz nümunəsidir. Rəsmi sənədlərdə, dövlət ekspertizasının rəyində və tikintiyə icazə vərəqəsində cəmi bir mərtəbəli, zirzəmisi olan qeyri-yaşayış obyekti kimi göstərilən bina, hazırda faktiki olaraq üçüncü mərtəbəsinə qədəm qoyub. Memarın təqdim etdiyi faktlar, məlumat lövhələrindəki rəqəmlərin – hündürlük və sahə göstəricilərinin gizlicə artırılması, şəffaflıqdan uzaq bir prosesin getdiyini sübut edir. Əgər 13 iyun 2025-ci il tarixli icazə sənədində dəyişiklik edilməyibsə, onda bu artıq mərtəbələr hansı “sehrli” güclə ucaldılır? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “yoxlama apardıq, kənarlaşma yoxdur” tipli açıqlaması isə cəmiyyəti ələ salmaqdan başqa bir şey deyil. Gözlə görünən üçüncü mərtəbəni komitə əməkdaşlarının görməməsi ya peşəkar korluqdur, ya da qanunsuzluğa verilmiş rəsmi rəvacdır.

Bu özbaşınalığın kökləri Nəsimi Rayon İcra Hakimiyyətindəki xroniki idarəetmə böhranına qədər uzanır. Rayonun rəhbərliyi sanki bir “keçid poliqonuna” çevrilib. Xatırladaq ki, cəmi bir neçə ay əvvəl, noyabrın 12-də bu vəzifəyə Kürdəmirdən gətirilən Elxan İbrahimov təyin edilmişdi. Lakin onun Nəsimidəki fəaliyyəti cəmi bir ay çəkdi – dekabr ayında Prezidentin sərəncamı ilə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edildi. 43 yaşlı eks-başçının bu qədər qısa müddətdə qovulması rayondakı qanunsuzluqların və rüşvət zəncirinin nə dərəcədə dərin olduğunun göstəricisi idi.

Lakin Elxan İbrahimovun gedişindən sonra rayonun rəhbərliyinə gətirilən, Nizami rayonu və Dövlət Statistika Komitəsindəki keçmiş fəaliyyəti ilə tanınan Tahir Budaqovun gəlişi də heç bir müsbət dəyişikliyə səbəb olmayıb.

Əksinə, rəhbər dəyişsə də, rayonun “idarəetmə xəritəsi” eyni qanunsuzluq trayektoriyası ilə hərəkət edir. Nəsimi RİH-də hazırda rəhbər heyətin demək olar ki, yarısının vakant olması, icra hakimiyyətinin sanki “avtopilot” rejimində, daha doğrusu, başlı-başına buraxıldığını göstərir. Müavin postlarının, strateji sektor müdirlərinin yerinin boş qalması Tahir Budaqovun komanda formalaşdıra bilməməsinin və ya rayondakı mövcud qanunsuzluq zəncirini qırmaqda maraqlı olmamasının göstəricisidir. İdarəetmənin bu dərəcədə iflic olduğu bir rayonda parkların talan edilməsi, qanunsuz tikililərin artması artıq təsadüf deyil, sistemli bir fəaliyyətsizlikdir. Rayonun başçısı və onun “yarımçıq” komandası ya parkda baş verən bu “mərtəbə artımından” xəbərsizdirlər – ki, bu onların yarıtmaz idarəçiliyidir – ya da bu prosesin gizli tərəfdaşlarıdırlar.

Problemlər təkcə tikinti ilə bitmir. Bakının infrastrukturunun yağış və qar qarşısında diz çökməsi, əslində şəhər təsərrüfatına cavabdeh olan, illərlə eyni kresloda əyləşib heç bir yenilik etməyən məmurların səmərəsiz fəaliyyətinin güzgüsüdür. Paytaxt məmurlarının dəyişməyən üç “düşməni” var: yaz, payız və qış. Yay aylarında bütün problemlər qızmar günəş altında “əriyib” yox olur, lakin ilk yağış damcısı ilə Bakı küçələri keçilməz bataqlığa çevrilir. Kanalizasiya xətlərinin köhnəlməsi, yağış sularının axıdılması sisteminin olmaması və ən əsası, hər boş sahədə ucalan göydələnlərin mövcud kommunikasiya xətlərinə əlavə yük gətirməsi bu problemləri qaçılmaz edir. Zorge parkı kimi yaşıl zonaların betonlaşdırılması da məhz bu infrastruktur böhranını dərinləşdirən amillərdəndir. Ağacların kəsilməsi və torpaq sahələrinin betonla örtülməsi təbii su udulmasını azaldır, bu da hər yağışda Bakını “Venesiyaya” çevirir.

Nəsimi rayonundakı hazırkı vəziyyət – həm idarəetmə boşluğu, həm də tikinti özbaşınalığı – bir sistem xəstəliyidir. Tahir Budaqovun rəhbərliyi altında rayonun problemləri ilə məşğul olmaq əvəzinə, görünür, daha çox köhnə və işləməyən status-kvonu qorumağa üstünlük verilir. Əgər Nəsimi rayonunun baş memarı və icra hakimiyyətinin rəsmiləri əvvəlcədən memar Elçin Əliyevə tikintinin bir mərtəbəli olacağına dair təminat veriblərsə, bəs indi ucalan o divarları Tahir Budaqov necə izah edəcək? Bu, açıq-aşkar cəmiyyəti aldatmaq və dövlət qanunlarına meydan oxumaqdır. Statistika ilə rəqəmləri idarə etmək olar, amma parkın ortasında ucalan beton divarları gizlətmək mümkün deyil.

Bakı sakinləri artıq boş vədlərdən və hər il təkrarlanan “texnikamız hazırdır” bəyanatlarından yorulublar. Bizə lazım olan, yağış yağanda qayıqla gəzmək məcburiyyətində qaldığımız küçələr və ya hər gün bir hissəsi zəbt olunan parklar deyil. Bizə şəffaf idarəetmə, qanunun aliliyi və şəhər mədəniyyətinə hörmət edən məmurlar lazımdır. Nəsimi Rayon İcra Hakimiyyətindəki bu “başsızlıq” və “sahibsizlik” mühiti acınacaqlı nəticələrə gətirib çıxarır. Bir tərəfdən paytaxtın infrastruktur iflici, digər tərəfdən isə parkların içində ucalan “gizli” mərtəbələr. Bu, sadəcə bir tikinti layihəsi deyil, bu, paytaxtın gələcəyinə, ekologiyasına və memarlıq irsinə vurulan amansız zərbədir. Aidiyyəti qurumlar, xüsusilə də Nəsimi RİH-in rəhbərliyi və Dövlət Şəhərsalma Komitəsi cəmiyyətin qarşısına çıxıb real faktlara cavab verməlidir. Zorge parkındakı o qanunsuz mərtəbələr ya sökülməli, ya da bu qanunsuzluğa imza atan və ya səssiz qalan hər bir məmur hüquq qarşısında cavab verməlidir. Əks halda, Bakı üçün yaz, payız və qış hələ çox “düşmən” olaraq qalacaq. Nəsimi rayonunda baş verən bu “tikinti sirkine” və Tahir Budaqovun rəhbərliyindəki idarəetmə xaosuna artıq nöqtə qoyulmasının vaxtı çatıb. Paytaxtın parkları kimlərinsə qazanc mənbəyi deyil, xalqın ortaq mirasıdır.

Tunar
NOCOMMENT.az

Chosen
13
1
nocomment.az

2Sources