“Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları və strategiyaları, o cümlədən 2022–2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində təhsil sahəsində çox böyük uğurlar dəqiqliklə və ardıcıllıqla həyata keçirilməkdədir”.
Redaktor.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər" mövzusunda media tur zamanı zamanı deyib.
O əlavə edib ki, son 20 il ərzində Azərbaycan təhsil sistemində geniş infrastruktur quruculuğu işləri aparılıb:
“Problemlərimiz qalıbmı? Bəli, qalıb. Bu barədə biz açıq danışırıq. Həm nazirimiz, həm də rəhbərlik istər bu məclisdə apardığımız müzakirələrdə, istər Nazirlər Kabineti ilə görüşlərdə, istərsə də cəmiyyətlə dialoq zamanı bu məsələlərə toxunur. Çünki düşünürük ki, problemləri açıq şəkildə müzakirə etmək vacibdir ki, bir cəmiyyət olaraq onların həllini birgə tapa bilək.
Amma qeyd etmək istəyirəm ki, son 20 il ərzində ölkə üzrə 3600-dən çox təhsil müəssisəsi əsaslı təmir olunub və ya yenidən qurulub. Ölkə başçısının iştirakı ilə açılışı olan, Heydər Əliyev Fondunun birbaşa dəstəyi və fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə tikilən məktəbləri hər biriniz görürsünüz”.
Nuriyyə NATİQQIZI