EN

Əsas problem qıtlıq yox, bahalaşmadır

İranda müharibə başlayandan bəri ölkədən bir sıra ərzaq məhsullarının ixracı əvvəlcə məhdudlaşdırılmışdı, indi isə tam qadağan edilib.

Qadağa təkcə Azərbaycana deyil, ümumilikdə İrandan məhsul çıxarılmasına şamil olunur.

İrandan Azərbaycana əsasən düyü, kərə yağı (həm əridilmiş, həm də duru yağ), balıq konservləri, qənd, çay və toyuq məhsulları gətirilirdi. Lakin tətbiq olunan qadağa səbəbindən bu məhsulların ölkəyə idxalı dayanıb.

Bu vəziyyət Azərbaycanda bazara da təsirsiz ötüşməyib. Satıcıların sözlərinə görə, hazırda satışda olan məhsullar əvvəlcədən gətirilərək depolarda saxlanılan mallardır və onların qiyməti əhəmiyyətli dərəcədə artıb. Məsələn, əvvəllər 18 manata satılan yağın qiyməti hazırda 24 manata, 12 manat olan düyü isə 16 manata təklif olunur.

Satıcılar bildirirlər ki, satışa çıxarılanlar depoda qalan məhsullardır. Yəni yeni idxal deyil, əvvəlki dövrdə tədarük edilərək anbarlarda saxlanılan mallardır.

Qeyd edək ki, İranda məhsulların öz qiymətində ciddi artım qeydə alınmayıb, bahalaşma əsasən ixrac məhdudiyyətləri ilə əlaqədardır.

Mövcud vəziyyət ərzaq təhlükəsizliyi ilə bağlı sualları yenidən gündəmə gətirir. Bu qadağa Azərbaycanın ərzaq təhlükəsizliyi üçün risk yaradırmı? Alternativ idxal mənbələri bu boşluğu doldurmağa yetəcəkmi?

“Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, İrandan gətirilən məhsullar əsasən alternativlərlə əvəz oluna bilən kateqoriyalara aiddir:

“Xeyr, İrandan ərzaq məhsullarının idxalının dayanması Azərbaycanın ərzaq təhlükəsizliyi üçün ciddi risk yaratmır. Məsələn, İrandan quru meyvə gətirilirdi, amma bu məhsulların olmaması bizim üçün hansısa bir təhlükə yaratmır. 

Eyni şəkildə, yağ və süd məhsulları gətirilirdi, lakin bu kateqoriyalar üzrə alternativ mənbələr mövcuddur. Yəni ümumilikdə elə bir eksklüziv ərzaq məhsulu yoxdur ki, yalnız İrandan idxal olunsun və onun olmaması ciddi qıtlıq yaratsın.

Strateji məhsullar sayılan buğda və taxıl əsasən İrandan gətirilmir, ət məhsullarının idxalında da bu ölkənin rolu böyük deyil. İrandan süd, yağ, ağartı məhsulları gəlir, onun da alternativləri mövcuddur”.

İqtisadçı-ekspert əlavə edib ki, İran məhsulları bazarda rəqabəti artırır, təklifi çoxaldır:

“İran məhsulları coğrafi yaxınlıq səbəbindən daha ucuz idi və bazarda rəqabəti artıraraq qiymətlərin kəskin bahalaşmasının qarşısını alırdı. Eyni zamanda, ucuz məhsul seqmentində mühüm yer tuturdu”.

Xalid Kərimli qeyd edib ki, İran məhsullarının bazardan çıxması qiymətlərin daha da artmasına imkan yaradacaq:

“Burada əsas məsələ sadəcə qiymətlərlə bağlıdır. İndi isə İran məhsullarının bazardan çıxması bir neçə nəticə doğurur. Birincisi, rəqabətin azalması qiymətlərin artmasına şərait yaradır, ikincisi, daha ucuz məhsulların yerini daha bahalı alternativlər tutur, üçüncüsü isə ümumi təklifin azalması bahalaşmanı stimullaşdırır. Yəni əsas narahatlıq ərzaq çatışmazlığı deyil, qiymət artımıdır”.

Chosen
46
1
cebheinfo.az

2Sources