EN

Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib

Bakı, 3 aprel, AZƏRTAC

Bu gün sevinclə kədərin, təəssüflə qürurun, həsrətlə vüsalın qovuşan günüdür. Hər dəfə aprel ayı gələndə onların qisasının nə vaxt alınacağı, bu torpaq uğrunda canını fəda vermiş şəhidlərin ruhunun nə vaxt şad olacağı barədə düşünürdük. Artıq beş ildir ki, onların uyuduğu məzarlara başıuca, alnıaçıq, ürəyi təpərli gedirik, çünki azadlığı yolunda qurban getdikləri Vətən torpaqları azaddır. Hər yerdə üçrəngli Azərbaycan Bayrağı dalğalanır, ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin olunub. Zəfər döyüşlərinin qığılcımları olan və dörd gün davam edən Aprel döyüşləri qırx dörd gün ərzində Şuşaya bayraq sancılması ilə başa çatdı, onun ardınca antiterror əməliyyatları Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad edilməsi ilə yekunlaşdı. Bu, qəhrəmanlıq irsidir və Aprel döyüşlərində şücaət göstərənlərin yetişdirdiyi əsgərlər, həmin döyüşlərdə iştirak edənlərin, zabit və əsgərlərin hərbçi yoldaşları onların qisasını aldı. Bu qələbə Murad Mirzəyevin, Samid İmanovun, Təbriz Musazadənin, Urfan Vəlizadənin, Mühüd Orucovun, Vüqar Yusifovun və həmin günlərdə şəhidliyə ucalan digər döyüşçülərin qanının yerdə qalmaması demək idi..

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər yolu” adlı layihənin təqdimat mərasimində söyləyib.

Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə həmin layihənin təqdimatı keçirilib.

Ədəbi-bədii gecədə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Aprel döyüşləri şəhidi Nurlan Əsgərov və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış edərək, Azərbaycan Ordusunun Aprel döyüşlərində apardığı uğurlu döyüş əməliyyatlarının dörd il sonra - 2020-ci ilin payızında davam etdirilərək möhtəşəm Zəfərin qazanılması ilə nəticələnməsindən bəhs ediblər. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük hünər və rəşadət nəticəsində hərb tarixinə yazılan böyük Qələbə, həmin günlərdə nümayiş olunan xalq-dövlət-ordu birliyi, uzun illərin işğalından sonra geri qaytarılan torpaqlar məhz on il əvvəl başlanılan hərbi əməliyyatların qanunauyğun nəticəsi idi və həmin yolda şəhid olanlar bu Zəfərin işığını gələcək nəsillərə daşıyacaqlar...

Sonra şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf edilmiş ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış polkovnik Raquf Orucovun, gizir Nurlan və İntiqam Əsgərov qardaşlarının, əsgər Samir Kaçayevin, gizir Pəncəli Teymurovun, kiçik çavuş Ruhin Qəhrəmanovun, kiçik gizir Babək Abdinovun, mayor Elnur Əliyevin, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramovun və qardaşı mayor Vaqif Bayramovun real həyat hekayələri əsasında hazırlanan kompozisiyalar nümayiş olunub.

Xalq artisti Azər Zeynalov, xanəndələr Babək Niftəliyev, Aytən Məhərrəmova və Arzu Əliyevanın ifasında musiqi nömrələri səslənib.

Chosen
16
1
azertag.az

2Sources