EN

Yaxın Şərq OD içində - Türk dünyasına YENİ təhdid

"Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının hökumət başçıları və vitse-prezidentlərinin ikinci görüşü təkcə təşkilat daxilində koordinasiyanın gücləndirilməsi baxımından deyil, həm də qlobal və regional təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrdə strateji əhəmiyyət daşıyan hadisə oldu”. 

Bu fikirləri Musavat.com-a politoloq Yusif Bağırzadə bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində artan qarşıdurmalar, enerji təhlükəsizliyi məsələləri və nəqliyyat-logistika xətlərinin yenidən dizaynı fonunda bu görüş türk dünyasının vahid mövqedən çıxış etməsinin vacibliyini bir daha nümayiş etdirir:

“Hazırda Yaxın Şərqdə və digər bölgələrdə davam edən münaqişələr, böyük güclər arasında rəqabətin kəskinləşməsi kiçik və orta güclü dövlətlər üçün yeni çağırışlar yaradır. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının aktivliyi üzv ölkələr üçün kollektiv dayanıqlığın təmin olunmasında mühüm platformaya çevrilir. Bakı görüşü göstərdi ki, təşkilat artıq sadəcə mədəni və siyasi əməkdaşlıq formatından çıxaraq praktiki iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələlərində konkret qərarlar verən institusional mexanizmə çevrilməkdədir”.

Yusif

Politoloq hesab edir ki, Azərbaycanın ev sahibliyi etdiyi toplantı ölkənin artan regional rolunun göstəricisidir:

“Bakı son illər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi kimi strateji əhəmiyyətini artırıb. Bu baxımdan, görüşdə müzakirə olunan məsələlər - Orta Dəhlizin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi və enerji marşrutlarının şaxələndirilməsi - yalnız türk dövlətləri üçün deyil, daha geniş Avrasiya məkanı üçün də ciddi təsir potensialına malikdir. Digər tərəfdən, bu görüşün siyasi həmrəyliyin gücləndirilməsi baxımından da önəmli olduğu vurğulanmalıdır. Qlobal qeyri-müəyyənlik şəraitində ortaq mövqe nümayiş etdirmək türk dövlətlərinin beynəlxalq arenada təsir imkanlarını artırır. Bu isə həm regional münaqişələrin həllində, həm də böyük güclərlə münasibətlərdə daha balanslı siyasət yürütməyə şərait yaradır. Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının yeni mərhələyə keçidinin indikatoru kimi qiymətləndirilə bilər. Artıq təşkilat yalnız ideoloji və mədəni yaxınlıq platforması deyil, real geosiyasi və geoiqtisadi güc mərkəzi kimi formalaşmaq istiqamətində addımlarını sürətləndirir”.

Xatırladaq ki, aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçıları və Vitse-prezidentinin görüşü keçirilib. Görüşün sonunda birgə bəyanatı qəbul edilib.

Etibar Seyidağa,
Musavat.com

Chosen
12
50
musavat.com

10Sources