AFFA-nın prezidenti Rövşən Nəcəfov legioner limitinin ləğvinin gətirdiyi faydalardan danışarkən dedikləri:
“Çempionatın daha maraqlı keçməsi, klubların beynəlxalq arenada daha uğurlu çıxış etməsi suala cavabdır. Statistikaya da baxırıq. Limitin ləğvindən əvvəl və sonra azərbaycanlı futbolçuların oyun vaxtına baxanda, 13-14 faiz azalma var. Bunun sayəsində oyun keyfiyyəti və rəqabət artıb. Legioner və yerli futbolçular arasında da rəqabət var. Düzgün qərar verdiyimizi düşünürəm”.
Hakimlərin qərarları müzakirə olunanda tez-tez zərbənin şiddətinin güclü və ya zəif olması söhbətini çox eşidirik. Çoxumuzda sual yaranır – bunu ölçən cihaz var?
İndi də Premyer Liqanın maraqlı keçməsini ölçən cihaz nədir?
“Qarabağ” – “Sabah” görüşünə gələn 10361 azarkeş sayı? Son 8 ilin rekordu? Rövşən müəllim kimi mediada da bu rəqəmi tez-tez eşidirəm.
Məsələn, elə bu mövsüm “Sumqayıt” – “Qarabağ” oyununa 9100 azarkeş gəlib. Əslində stadionda daha çox tamaşaçı olub. Pilləkənlərdə və s. ayaq üstə duranları nəzərdə tuturam. Sadəcə stadionun tutumu daha artığına imkan vermədiyi üçün 9100 yazılıb. Əks halda “Qarabağ”ın Sumqayıtdakı bütün matçlarına ən azı 15000 tamaşaçı gələr.
Ümumiyyətlə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu istifadəyə veriləndən “Qarabağ”ın buradakı oyunlarına 9100 tamaşaçı gəlir. Dediyim kimi sayın daha çox olmasına tutumun az olması ciddi maneə yaradır. Lap bu sayla müqayisə edəsi olsaq, son “Qarabağ” - “Sabah” görüşü ilə arada cəmi 1261 nəfərlik fərq var. Budur səviyyəni ölçən, marağın artdığını sübut edən cihaz?
Elə götürək yaxın keçmişdi “Sabah” - “Qarabağ” oyununa Masazırda 9000 azarkeşin gəlməsini. Eyni şeylər “Bank Respublika Arena”ya da aiddir. Tutum imkan versə daha çox tamaşaçı gələrdi.
Olsun “Turan Tovuz” - “Qarabağ” görüşləri. 5800 tutumu olan Tovuz şəhər stadionuna ən azı 7000 tamaşaçı gəlir. Tutum böyük olsa daha çox gələr.
Gördüyünüz kimi, bütün saydığım oyunlarda “Qarabağ” tərəflərdən biridir. Azarkeş sayının çoxluğu da məhz elə Ağdam klubu ilə bağlıdır, daha liqanın səviyyəsi ilə yox.
Ümumiyyətlə, son 8 ildə hər mövsümü ən azı 2-3 oyuna 9000-10000 azarkeş gəlib. İndi bu dəfə 300 nəfər çox gəlibsə onu səviyyənin, marağın artmasına bağlamaq nə dərəcədə ədalətlidir?
Hələ “Qarabağ” - “Sabah” görüşünə 10361 nəfərin necə cəlb olunmasından, neçə nəfərin tələbə, idarə-təşkilat işçisi olmasından danışmıram.
Hə, Puxaç, Simiç kimi səviyyəli əcnəbilər gəlib. Onu da limit olanda gətirmək olmurdu guya? Əvvəlki illərdə onlardan da əla karyerası olan Belfodil, Ba kimi səviyyəli legionerlər görmüşük. Sadəcə tutub-tutuzdurmamaq söhbəti var. Bu gün “Sabah”ın uğurunda uğurlu baş məşqçi seçimi əsas açar rol oynayır.
Rövşən müəllim rəqabətin artmasını da qeyd edib. Hansı rəqabət? Sona 10 tur qalmış çempion bəlli, liqanı kimin tərk edəcəyi bəlli (bu məsələ hələ qışdan əvvəl bəlli idi), aşağı-yuxarı avrokuboklara gedəcək bütün klublar və “pley-off”da kimin oynayacağı bəlli. Budur rəqabət? Son illər heç vaxt klublar hədəflərinə belə erkən çatmayıb.
Çempionunun dəyişməsi? 2020/21 mövsümündə çempionluq mübarizəsi bundan da gərgin olmuşdu. “Neftçi” son turda da yox, son saniyədə vurduğu qolla çempionluq məsələsini bitirmişdi. Yəni həyəcan heç vaxt olmadığı qədər pik həddə olmuşdu.
Cəmi 2 mövsüm əvvəl “Səbail”lə “Şamaxı” liqadan kimin düşəcəyinə son turda aydınlıq gətirmişdi. Bir mövsüm əvvəl son turda da yox, son saniyədə bəlli olmuşdu ki, “Neftçi”, “Sabah” və “Sumqayıt”dan hansı avrokuboklardan kənarda qalacaq.
Klubların ötən yay beynəlxalq arenada uğurlu çıxış etməsi qabardılıb. Hansı uğurlu çıxışdan danışırıq? “Zirə”nin ilk mərhələdəcə uduzması, “Araz-Naxçıvan”ın 1 mərhələ adlayıb rüsvay olması, yoxsa “Sabah”ın iki yarışda iştirak edib toplam bir rəqibi keçməsi?
Cəmi bir mövsüm əvvəl limit olanda “Zirə” pley-off oynayıb.
Sonuncu dəfə iki klubumuz “Qarabağ” və “Qəbələ” ardıcıl iki mövsüm avrokuboklarda qruplarda çıxış edəndə də legioner limiti var idi.
Olmaya “Qarabağ”ın ÇL-də oynaması uğur kimi nəzərdə tutulur?
Unudanlar üçün deyim ki, “Qarabağ” 2017-ci ildə Çempionlar Liqasına ilk dəfə vəsiqə qazananda legioner limiti 6+5 idi.
Heç legionerlər və yerlilər arasında gedən rəqabət də ədalətli deyil. Məsələn, Yuri Vernidub gələnə qədər Almeydadan güclü olduğu halda Emil Səfərov niyə ehtiyatda qalırdı?
Əksər hallarda meydana 5 əcnəbi ilə çıxan “Kəpəz”də Azər Bağırov gələnə qədər bu say 8-9 olurdu. Nəticələr isə daha bərbad. Bilməyənlər üçün deyim ki, həm Adil Şükürov, həm də Samir Abasov özü gətirdiyi legionerlərin səviyyəsi yerlidən aşağı olsa da meydana buraxırdı. Bütün məşqçilər məsələyə belə yanaşır. Yerli və əcnəbi eyni gücdədirsə, hətta yerlidən 10% zəifdirsə belə üstünlük gəlməyə verilir. Onlarla yuxarıdakı nümunələrdən sayaram. Sabah Vernidub da Bağırov da eynisini edəcək. Sadəcə indi kiminsə üstünə gəliblər deyə seçimi rahat apara bilirlər. Axı ehtiyatda qalan hər keyfiyyətsiz əcnəbiyə görə cavab vermək lazımdır. Budur şəffaf rəqabət?
Pullu klubların istədiyi qədər əcnəbi gətirib kasıblardan önə çıxması da idman prinsiplərinə ziddir. Şəffaf rəqabət axtarırıqsa onda legionerlərlə bağlı 12 saydan sonrakı 100 min manatlıq rüsum götürülsün. Bu bənd o deməkdir ki, zəiflərə istədiyi sayda əcnəbi olmaz, varlılar kef eləsin.
Bu qərarla ötən mövsümlərdə sürpriz edən aşağı büdcəli klublar zərərsizləşdirilib.
Yeganə doğru məqam yerli oyunçuların oyun vaxtının 13-14 faiz azalmasıdır. Əgər bunu uğur kimi qeyd ediriksə daha heç zad.
Lütfən, özümüzü aldatmayaq. Bu, uğura aparan yol ola bilməz.