EN

Azərbaycanda cinayət azalır, amma təhlükə qalır- Ağır cinayətlərin sayı niyə dəyişmir? /TƏHLİL

Azərbaycanda cinayət statistikası son illərdə ümumi azalma tendensiyası göstərsə də, ağır və xüsusilə ağır cinayətlərin dinamikası daha diqqətli təhlil tələb edir.

Azpost.info bildirir ki, bu kateqoriya hüquq-mühafizə sisteminin effektivliyi ilə yanaşı, cəmiyyətin təhlükəsizlik mühitinin real göstəricisi hesab olunur.

Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına dair rəsmi məlumatlara əsasən, Azərbaycanda qeydə alınmış ümumi 31 852 cinayət hadisəsinin 13,7%-i ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub. Bu, təxminən 4 364 ağır və xüsusilə ağır cinayət deməkdir.

Ümumi cinayət hadisələrinin strukturu aşağıdakı kimidir:

Az ağır cinayətlər- 58,7%

Böyük ictimai təhlükə törətməyən cinayətlər- 27,6%

Ağır və xüsusilə ağır cinayətlər -13,7%

Şəxsiyyət əleyhinə cinayətlərin statistikasına nəzərən ümumilikdə 5 590 fakt qeydə alınıb. Bunlardan 220-si qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 262-si isə qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı olub.

Ölkə üzrə qeydə alınan cinayətlərin 90,5%-nin açılması təmin edilib.

 Son üç ilin statistikası nə göstərir?

2023-cü ildə təxminən 33 minə yaxın cinayət törədilib. 2024-cü ildə cüzi azalma olub.(təxminən 32 min civarında) 2025-ci ildə 31 852 cinayət faktı qeydə alınıb. Bu dinamika göstərir ki, ümumi cinayətlərin sayı azalma istiqamətindədir. Lakin əsas məsələ strukturdadır.

Statistik struktur təhlili göstərir ki, ağır və xüsusilə ağır cinayətlər ümumi cinayətlərin təxminən 12–13%-ni təşkil edir. Bu nisbət son 3 ildə kəskin dəyişməyib. Yəni ümumi azalma olsa da, ağır cinayətlərin sayı demək olar ki, stabil qalır.

Bu tendensiya iki mühüm nəticə çıxarmağa imkan verir: Yüngül və orta ağırlıqlı cinayətlərin azalması fonunda ağır cinayətlərin payının dəyişməməsi o deməkdir ki, kriminal mühit daha “konsentrasiyalı” hala gəlir, daha təhlükəli cinayət növləri sistemdə qalır.

Bu məsələdə sosial faktorlar hələ də təsirlidir. Ağır cinayətlər adətən aşağıdakı səbəblərlə -sosial gərginlik, ailədaxili münaqişələr, iqtisadi çətinliklər, psixoloji faktorlarla bağlı olur. Bu sahələrdə köklü dəyişiklik olmadığı üçün ağır cinayətlərin sayı da stabil qalır.

Hüquq-mühafizə orqanlarının cinayətarlığa qarşı mübarizə üzrə göstəricilərinin təhlili göstərir ki, cinayətlərin açılma faizi yüksəkdir. Müsbət məqam ondan ibarətdir ki, ağır və xüsusilə ağır cinayətlərin 90%-dən çoxu açılır. Bu isə göstərir ki, əməliyyat-axtarış sistemi effektiv işləyir və cinayətkarların cəzasız qalma ehtimalı aşağıdır.

Risk və perspektivlər nədən ibarətdir?

Risklər ağır cinayətlərin sayı ilə bağlıdır. Ağır cinayətlərin strukturda yüksək payı qalarsa cəmiyyətin təhlükəsizlik hissi zəifləyə bilər. Preventiv tədbirlər (maarifləndirmə, sosial dəstək) artırılsa ağır cinayətlərin sayında real azalma mümkündür.

2023–2025-ci illərin müqayisəsi göstərir ki, Azərbaycanda ümumi cinayətlərin sayı azalır, lakin ağır cinayətlər struktur baxımından sabit qalır. Bu isə kriminal mühitin tam zəifləmədiyini göstərir. Əsas çağırış artıq cinayətlərin sayını azaltmaq yox, onların xarakterini dəyişmək və ağır kateqoriyanı azaltmaqdır.

Sunay AYDIN

 

 

AzPost.az

Chosen
14
1
azpost.info

2Sources